Balakən sakininin həyətində 69 çətənə kolu aşkarlanıb

Balakən rayon sakininə məxsus həyətyanı sahədə xüsusi kultivasiya üsulu ilə becərilmiş narkotik tərkibli bitki aşkarlanıb.


Balakən rayon Polis Şöbəsindən (RPŞ) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün Balakən RPŞ-nin əməkdaşları narkotik tərkibli bitkilərin becərilməsi ilə məşğul olan şəxslərin tapılaraq istintaqa təhvil edilməsi istiqamətində növbəti axtarış-əməliyyat tədbiri keçirib.


Keçirilmiş tədbir nəticəsində Balakən rayon Xalatala kənd sakini Timinov Şirin Əli oğlunun yaşadığı evin həyətyanı sahəsində qarğıdalı əkilən ərazidə kultivasiya üsulu ilə əkilmiş, aqrotexniki qaydada qulluq edilən hündürlüyü 50 sm-dən 3 m-ə qədər, ümumi çəkisi 32 kiloqram olmaqla 69 ədəd narkotik tərkibli bitki hesab edilən çətənə kolu aşkar edilib. Şirin Timinova məxsus həyətyanı sahədə aşkar edilən narkotik tərkibli bitki yığılaraq maddi sübut kimi Balakən RPŞ-ə aparılıb.

Balakən RPŞ-dən APA-ya o da bildirilib ki, cari ilin 6 ayı ərzində rayonda narkotik vasitələrin qanunsuz dövriyyəsi üzrə 39 fakt aşkarlanıb, bunlardan da 28 fakt narkotik tərkibli bitkilərin kultivasiya üsulu ilə əkilib becərilməsidir. Faktla bağlı Balakən RPŞ-nin təhqiqat bölməsində araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri