Eden Azar: "Bu, hələ son deyil, Bakıda kuboku qazanmağa çalışacağıq"
- 10.05.2019, 10:52,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Hazırda komandadakı gələcəyimi yox, klubum üçün nə isə qazanmağı düşünürəm. Bu, son oyunum olacaqsa, hər şey etməyə çalışacağam. Hələ heç nə bilmədiyimdən, finalda qələbə qazanmağa çalışacağam".
Bunu İngiltərənin "Çelsi" klubunun futbolçusu Eden Azar Bakıda "Arsenal"a qarşı keçirəcəkləri Avropa Liqasının final oyunu barədə danışarkən deyib. Belçikalı yarımmüdafiəçi bildirib ki, Almaniya "Ayntraxt"ı ilə Londonda keçirdikləri yarımfinal mərhələsinin cavab görüşü çox ağır alınıb: "İlk oyunda qələbə qazandıqda cavab matçında finala vəsiqə qazanacağınızı düşünə bilirsiniz. Xüsusən, evdə bu, bir qədər asan olur. Amma bu gün belə deyildi. Düzdür, yenə əla oyun keçirdik. Amma Avroliqanın yarımfinalı heç də asan olmur. Sonda penaltilərlə qələbə qazandıq və bundan sadəcə məmnunuq. İndi biz Bakıya gedirik və kuboku qazanmağa çalışacağıq".
Azar penalti seriyasında son zərbəni dəqiq yerinə yetirərək, komandasını finala çıxarıb. O, həlledici zərbənin məsuliyyətini hər zaman öz üzərinə götürdüyünü açıqlayıb: "İlk yarıda biz çox yaxşı oyun sərgiləyirdik. Amma sonradan həmişəki kimi, ikinci hissənin əvvəllərində qol buraxdıq. Nəticədə hər şey, o cümlədən, penalti seriyalarında şanslar 50:50 nisbətində oldu. Çünki penaltilərdə necə olacağını bilmirsən. Mən isə hər zaman məsuliyyəti öz üzərimə götürürəm. Qol vurdum və uşaqlar, azarkeşlər xoşbəxtdirlər. Amma bu, hələ son deyil. Qarşıda "Arsenal"a qarşı final oyunumuz var. Bizə Bakıya gedib keyfiyyətli oynamaq və qələbə qazanmaq lazımdır".
Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək "Çelsi" - "Arsenal" matçı saat 23:00-da başlanacaq. Bu oyundan sonra Eden Azarın İspaniya "Real Madrid"inə keçəcəyi gözlənilir.
Report