Azərbaycanda əcnəbilərə çoxdəfəlik giriş vizaları üçün tutulan rüsum yeni qaydada tətbiq olunacaq
- 10.05.2019, 18:17,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda xarici ölkə vətəndaşlarına çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan rüsum yeni qaydada tətbiq olunacaq.
LİVE.az-ın məlumatına görə, bununla bağlı məsələ “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Qanunun 17-ci maddəsinə (Azərbaycan Respublikasında və ya Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan konsul əməliyyatları üçün dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri) təklif edilən yeni bəndə əsasən, xarici ölkələrin müvafiq orqanları tərəfindən Azərbaycan vətəndaşlarına münasibətdə çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan rüsumun məbləği eyni hərəkətlərə görə müəyyən edilən məbləğdən fərqli olduqda, dövlət rüsumunun dərəcəsi müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həmin ölkələrdə Azərbaycan vətəndaşlarına münasibətdə tutulan rüsum səviyyəsində tətbiq olunur.
Qeyd edək ki, çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün dövlət rüsumu 350 ABŞ dolları məbləğində müəyyən edilib.
Miqrasiya Məcəlləsinə görə, çoxdəfəlik viza əsasında giriş-çıxış müddəti 2 ilədək (“ASAN Viza” sistemi vasitəsilə elektron qaydada verilən çoxdəfəlik vizada isə 90 günədək) müəyyən edilib.
Qeyd olunub ki, xarici ölkələrin müvafiq orqanları tərəfindən Azərbaycan vətəndaşlarına münasibətdə çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan rüsumun məbləği müəyyən edilən məbləğdən (350 ABŞ dolları) fərqli (az və ya çox) ola bilər.
Təklif olunan qanun layihəsinə görə, belə fərq olduqda çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan rüsumun məbləği həmin ölkələrdə Azərbaycan vətəndaşlarına münasibətdə tətbiq edilən rüsumun səviyyəsində müəyyən ediləcək.