Avtobusların iştirakı ilə baş verən qəzaların sayı dumadan artır. Təkcə son bir sutkada iki belə hadisə baş verib. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Şəmkir rayonu ərazisində “Toyota” markalı avtomaşınla Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinə məxsus “PAZ” markalı avtobusun toqquşması nəticəsində bir hərbçi ölüb, 7 nəfər isə xəsarət alıb.
Salyan rayonu ərazisində qeydə alınan qəzada isə mikroavtobusla “Mercedes” markalı minik maşını toqquşub. Nəticədə minik maşının sürücüsü ölüb, mikroavtousun sürücüsü və 4 sərnişin isə xəsarət alıb.
Baş Dövlət Yol Polisi idarəsinin məlumatına görə, bu ilin altı ayı ərzində respublika ərazisində 1366 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 556 nəfər ölüb, 1452 nəfər isə xəsarət alıb. Bu qəzalardan 59-u avtobusların iştirakı ilə olub. Nəticədə 33 nəfər həyatını itirib, 78 nəfər isə xəsarət alıb.
İstər magistral yollarda, istərsə paytaxtda baş verən qəzalarda əsas səbəb yüksək sürət göstərilir.
Avtobus sürücüləri buna gündəlik planın doldurmaq öhdəlikləri ilə haqq qazandırmağa çalışırlar.
Ekspertlər sürücülər işə götürülərkən diqqət etməli məqamlar olduğunu deyirlər. Baş Dövət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyevin sözlərinə görə, bu ilin 6 ayı ərzində yol hərəkəti qaydalarını pozduqlarına görə 9550 avtobus sürücüsü inzibati məsuliyyətə cəlb edilib. Amma bu da sürücülərin məsuliyyətini artırmayıb: “İnzibati məsuliyyətdən əlavə nəzarətdə saxlanmalıdılar, cəzalandırılmalıdırlar ki, digərlərinə də dərs olsun”.
Nəqliyyat Nazirliyindən isə qəza törədən sürücülərlə bağlı araşdırmalar aparılsa da, hələki cəzalandırılan sürücülərlə bağlı məlumat verilməyib.