Azərbaycanda fermerlərin bazarlara çıxışı sadələşdiriləcək



Dövlət Aqrar Ticarət Şirkəti Azərbaycanda "yaşıl bazarlar" yaratmaq, yarmarkalar keçirmək, treninqlər və digər təşəbbüslər vasitəsilə fermerlərə dəstəyi genişləndirməyi planlaşdırır.

LİVE.az-ın məlumatına görə, bunu Trend-ə müsahibəsində şirkətin direktoru Leyla Məmmədova deyib.

O bildirib ki, fəaliyyətə başladığı qısa müddət ərzində şirkət fermer məhsullarının daxili və xarici kanallar vasitəsilə satışını təşkil edib.

L.Məmmədovanın sözlərinə görə, şirkətin indiki planlarına "yaşıl bazarlar" şəbəkəsinin genişləndirilməsi daxildir:

"2020-ci ilədək "yaşıl bazar" adı verilən 5 fermer bazarı yaradılmalıdır. Bu bazarlardan biri artıq fəaliyyət göstərir, yaxın zamanlarda ikincisi açılacaq. İlin sonunadək "Kənddən şəhərə" brendi ilə daha 3 bazarın açılması planlaşdırılır".

L.Məmmədova həmçinin "fermer kartları" barədə danışıb. Bu kartları ötən ilin noyabrından Dövlət Aqrar Ticarət Şirkəti "Kapital Bank"la birgə buraxır:

"Bu, bir növ fermerlərin əməkhaqqı kartıdır. Vacib məqam ondan ibarətdir ki, bu kartdan istifadə olunduqda hesabatlılıq yaranır. Fermer kartı istifadədə çox rahatdır. Ona görə də onun vasitəsilə məhsul satmaq istəyən fermerlərin sayı artır. Kartlar təkcə "Kənddən şəhərə" yarmarkalarında satış üçün deyil, həm də ixrac üçün təqdim olunur"

Şirkətin planları barədə danışan direktor bildirib ki, hazırda Dövlət Aqrar Ticarət Şirkəti BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan ofisi ilə birgə qadınların kənd təsərrüfatı sahəsində iştirakı ilə bağlı layihənin reallaşdırılması ilə məşğuldur:

"Layihə çərçivəsində iki il müddətində biz aqrar sektorda fəal işləyən və bu sahədə sahibkarlığa maraq göstərən qadınlara dəstək göstərəcəyik. Biz onlara informasiya və maddi dəstək verəcəyik. Bizim əsas hədəfimiz qadın sahibkarların kənd təsərrüfatı sahəsində rolunu gücləndirmək və onlara istehsalı genişləndirməkdə kömək göstərməkdir".
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri