Gələn aydan Azərbaycanda yeni hökumət portalı istifadəyə veriləcək

Bu gün Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) tabeliyindəki Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) yaratdığı, reaktiv xidmətlərdən proaktiv xidmətlərə keçidi nəzərdə tutan “myGov” şəxsi kabinet əsaslı Elektron Hökumət portalının təqdimatı keçirilib.

Tədbirdə müxtəlif dövlət qurumlarının rəhbər və informasiya texnologiyaları üzrə məsul şəxsləri, maliyyə institutlarının, elektron və rəqəmsal texnologiyalar, innovativ xidmətlər təklif edən özəl sektor və startap nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.

“ASAN Xidmət”in rəhbəri Ülvi Mehdiyev qonaqları salamlayaraq Prezident İlham Əliyevin Azərbaycanda elektron dövlət quruculuğu sahəsində həyata keçirdiyi institusional islahatlardan, görülən işlərin dövlət-vətəndaş münasibətlərində yaratdığı üstünlüklərdən danışıb. Daha sonra Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov “myGov” portalının imkanları və perspektivdə nəzərdə tutulmuş yeniliklər barədə məlumat verib. O bildirib ki, portal “qabaqlayıcı hökumət” konsepti əsasında hazırlanıb və iyunun 1-dən istifadəyə veriləcək.

Qeyd edək ki, “myGov” vətəndaş, dövlət və biznes qurumlarını vahid platformada birləşdirən, elektron xidmətlərin göstərildiyi sistemdir. Vətəndaşlar www.my.gov.az ünvanında yerləşən portaldakı şəxsi kabinetlərində dövlət qurumlarının məlumatları ilə tanış ola, xidmətlərə elektron qaydada müraciət ünvanlaya, elektron arayışlar və digər sənədləri əldə edə, məlumatlarının doğruluğunu təsdiq edə, həmçinin məlumatlarının digər qurumlara ötürülməsi prosesini tənzimləyəcək.



Report
Şərhlər
Texnologiya bölməsinin xəbərləri