Böyük Britaniya səfiri Avropa Liqasının final matçının siyasiləşdirilməsi barədə



Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Krofts Avropa Liqasının final matçının siyasiləşdirilməsi barədə suala cavab verib.

Trend-in məlumatına görə, səfir deyib ki, idman barədə, “Arsenal” və “Çelsi” klublarının Bakıdakı oyunu barədə danışmaq lazım idi.

K.Krofts bildirib ki, bu iki klubun finala çıxması böyük nailiyyətdir:

“Arsenal” və “Çelsi”də çox güclü oyunçular var və bütün söhbətlər onlar barədə olmalıdır”.

K.Krofts qeyd edib ki, o, özünü Azərbaycanda hər zaman evdəki kimi hiss edib:

“Mənim ailəm, dostlarım buraya gəliblər. Biz hər zaman insanlarn səmimi münasibətini görmüşük. İctimai nəqliyyatda gedərkən durub yer verirlər”.
Daha sonra səfir bildirib ki, Azərbaycanın bu cür tədbirlərin keçirilməsində böyük təcrübəsi var. O əlavə edib ki, Bakıda möhtəşəm oyun keçəcək və hər kəs bundab zövq alacaq:

“Biz “Arsenal” və “Çelsi” klubları, AFFA, eləcə də çoxlu sayda azarkeşlərin Bakıya gəlişini təmin etmək məqsədilə London polisi ilə sıx əməkdaşlıq edirik. Böyük Britaniyadan Bakıya dörd çarter reysi təşkil olunacaq. Daha dəqiq informasiya bir qədər sonra olacaq. Adətən bu cür oyunlar zamanı klublar özləri çarter reyslərinin təşkili ilə bağlı özəl şirkətlərlə danışıq aparır və bu reyslər kiçik aeroportlardan həyata keçirilir”.

Qeyd edək ki, mayın 29-da Bakıda UEFA Avropa Liqasının final oyunu keçiriləcək. Final oyununda “Çelsi” və “Arsenal” komandaları üz-üzə gələcək.
Şərhlər
İdman bölməsinin xəbərləri