Şamaxıda yeni su mənbəyi yaradılır
- 01.06.2019, 18:25,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Azərsu” ASC Şamaxı şəhərinin içməli su təchizatında dayanıqlılığa nail olunması məqsədilə yeni su mənbəyi yaradır.
Bununla bağlı “Azərsu” ASC-dən məlumat verilib.
Məlumatda bildirilib ki, qlobal istiləşmə və quraqlıq nəticəsində su mənbələrinin məhsuldarlığının azalması bir sıra bölgələrdə olduğu kimi, Şamaxıda da yay aylarında içməli su təminatında müəyyən çətinliklər yaradır.
Bütün bunlar nəzərə alınaraq Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Şamaxı şəhərinin sabit və etibarlı su təchizatı üçün yeni mənbənin yaradılmasına başlanılıb.
Dövlət büdcəsi hesabına icra olunan layihə çərçivəsində Ağsuçayın məcrasında 1734 metr uzunluğunda drenaj tipli suqəbuledici qurğu inşa edilir. Yeni yaradılan mənbədən şəhərə saniyədə 80-100 litr suyun verilməsi nəzərdə tutulur. Su mənbəyində hər birinin tutumu 500 kubmetr olan iki ədəd su anbarı, bir ədəd su nasos stansiyası inşa edilib.
Yeni su mənbəyindən Şamaxı şəhərinə içməli suyun verilməsi məqsədilə 19 km uzunluğunda magistral su kəməri tikilib. Şəhərin dayanıqlı su təminatı məqsədilə ümumi tutumu 5000 kubmetr olan dörd yeni su anbarı da inşa olunub.
Hazırda sugötürücü qurğuda tikinti işləri davam etdirilir. Mənbə istismara verildikdən sonra magistral kəmərlə Şamaxı şəhərinə içməli suyun verilməsinə başlanılacaq.