Azərbaycanda sənaye parkları və məhəllələri yeni investisiyalar gözləyir

Bu il sənaye parklarında işləyən 23 müəssisəyə daha 8 yeni müəssisə qoşulacaq.

LIVE.az Trend-ə istinadla verdiyi  məlumata görə, bunu İqtisadiyyat naziri Şahin Mustafayev deyib.

O bildirib ki, ölkədə fəaliyyət göstərən beş sənaye parkına ümumilikdə 3,3 milyard dollar vəsait qoyulub. Təkcə 2018-ci ildə rezidentlər tərəfindən 452 milyon dollar investisiya yerləşdirilib.

Nazir bildirib ki, sənaye parklarında 9 minə yaxın daimi iş yeri açılıb. Növbəti mərhələdə gözlənilən investisiyaların həcmi 400 milyon dollara yaxındır. Bundan başqa, 1600-dən çox yeni iş yerinin açılması nəzərdə tutulur:

"Bu günədək sənaye parklarında istehsal olunan məhsulun ümumi dəyəri 1,36 milyard manatı keçib. Bunlardan 250 milyon manatlıq məhsul ixrac olunub".

Qeyd edək ki, Azərbaycanda beş sənaye parkı – Sumqayıt Kimya, Balaxanı, Mingəçevir, Qaradağ və Pirallahı sənaye parklarıdır.

Bundan başqa, ölkədə sənaye məhəllələri fəaliyyət göstərir. Burada ümumilikdə 33 milyon manat həcmində məhsul istehsal olunub. Sənaye məhəllələrinə gözlənilən investisiyaların həcmi 140 milyon manatdır. Bundan başqa, 2 minədək yeni iş yerinin açılması nəzərdə tutulur.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri