Prokurorluq və polis orqanlarının əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayonunda törədilmiş qətlin üstü "isti izlər"lə açılıb və cinayəti törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa cəlb edilib.
Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğundan Trend-ə daxil olan birgə məlumatda deyilir ki, cari il iyunun 7-də paytaxtın Binəqədi rayonu ərazisində "BMW-745" markalı avtomobildəki naməlum şəxslərin həmin istiqamətdə hərəkətdə olan "Mercedes" markalı digər avtomobilə atəş açmaları, nəticədə bir nəfərin ölməsi barədə daxil olmuş məlumat əsasında dərhal rayonun prokurorluq və polis orqanlarının əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
İlkin araşdırmalarla müəyyən olunub ki, həmin gün Tərtər rayon sakini Vüsal Hüseynov idarə etdiyi "BMW-745" markalı avtomobillə Bakı şəhər sakini Nazim Qədirovun idarə etdiyi "Mercedes-Benz" markalı avtomobili təqib edib. Bu zaman həmin avtomobilin sərnişini - Tərtər rayon sakini, əvvəllər məhkum olunmuş Taleh Calalov odlu silahdan digər nəqliyyat vasitəsi istiqamətində atəş açaraq "Mercedes-Benz" markalı avtomobilin sərnişini, paytaxt sakini, əvvəllər məhkum olunmuş Mübariz Budaqlını qətlə yetirib.
Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə qeyd olunan ağır cinayətin Taleh Calalov və Vüsal Hüseynov tərəfindən törədilməsi müəyyən edilib və onlar tutularaq istintaqa təhvil veriliblər.
T.Calalovdan cinayəti törədərkən istifadə etdiyi lüləsi kəsilmiş "İJ-16" markalı tüfəng götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
///
Binəqədi rayonunda baş vermiş silahlı insidentdən sonra cinayəti törədən şəxslərin saxlanılması ilə bağlı təfərrüatlar açıqlanıb.
Trend-in məlumatına görə, Binəqədi rayonu, Azadlıq prospektində Tərtər rayon sakini, əvvəllər məhkum olunmuş Taleh Cəlalov həmyerlisi Vüsal Hüseynov tərəfindən idarə edilən "BMW" markalı avtomobillə sərnişin kimi gedən zaman Pirşağı qəsəbə sakini, əvvəllər məhkum olunmuş Mübariz Budaqlının sərnişin qismində getdiyi Nazim Qədirovun idarə etdiyi "Mercedes" markalı avtomobili təqib edib.
Yaranmış tıxacdan istifadə edən T.Cəlalov tüfəngdən açdığı atəşlə M.Budaqlını "Mercedes" markalı avtomobildə qətlə yetirərək hadisə yerini tərk edib.
Bu zaman Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları - polis serjantları Murad Əzizli, Ramin Əsgərov, Mehdi Hacıyev şöbənin rəisi Mərdan Əliyevin göstərişi əsasında M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində süni tıxac yaradaraq həmin şəxslərin idarə etdiyi avtomobili saxlamağa nail olublar.
Hadisəni törətməkdə şübhəli bilinən T.Cəlalov və V.Hüseynovun tutulması təmin edilib.
///
Bakının Binəqədi rayonu, Binəqədi qəsəbəsində baş verən güllələnmə ilə bağlı iki maddə ilə cinayət işi başlanıb.
Trend-in məlumatına görə, faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən qəsdən adam öldürmə) və 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.
Müəyyən edilib ki, iyunun 7-də Bakının Binəqədi rayonunda "BMW X-5" markalı, 10 VT 117 dövlət nömrə nişanlı avtomobildə olan naməlum şəxslər eyni istiqamətdə hərəkətdə olan "Mercedes" markalı 99 LG 085 dövlət nömrə nişanlı avtomobilin qarşısını kəsərək avtomobildə olan şəxslərə odlu silahdan atəş açıb.
Nəticədə avtomobildə olan Mubariz Budaqli baş nahiyəsindən iki güllə yarası alaraq hadisə yerində dünyasını dəyişib, avtomobilin sürücüsü Qədirov Nazim Rasim oğlu isə yaralı vəziyyətdə hadisə yerindən uzaqlaşa bilib.
Hadisəni törədən şəxslər "BMW X-5" markalı 10 VT 117 dövlət nömrə nişanlı avtomobillə qaçmağa cəhd etsələr də, bu, mümkün olmayıb.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qətl hadisəsini törətmiş şəxslərdən ikisi - Hüseynov Vüsal Oruc oğlu və Cəlalov Taleh İbrahim oğlu şübhəli şəxs qismində tutulub, həmçinin T. Cəlalovdan insident zamanı istifadə olunan tüfəng maddi sübut kimi götürülüb.