Zakir Həsənov və Hulusi Akar Naxçıvanda

İyunun 10-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar ilə Naxçıvanda görüşüb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, əvvəlcə türkiyəli nazir Naxçıvan şəhərinin mərkəzində ucaldılan Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi önünə əklil qoyub, Heydər Əliyev Muzeyini ziyarət edib.

Sonra H.Akar Mustafa Kamal Atatürkün büstünü də ziyarət edib və önünə əklil qoyub.
Türkiyənin nümayəndə heyəti Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan vətəndaşlarımızın məzarlarını ziyarət edərək gül dəstələri qoyub.

Türkiyə Respublikasının Milli Müdafiə nazirinin Naxçıvanda yerləşən Əlahiddə Ümumqoşun Ordusunun Qərargah binasının qarşısında rəsmi qarşılanma mərəsimi keçirilib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkiyənin Milli Müdafiə nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Fəxri qarovulun rəisi raport verdikdən sonra Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndirilib.

Türkiyənin Milli müdafiə naziri “Xatirə kitabı”nı da imzalayıb.

Sonra nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə Müdafiə naziri qonaqları salamlayaraq Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu, bu əlaqələrin daim inkişaf etdiyini və ölkələrimizin maraqlarına cavab verdiyini vurğulayıb.

Şərhlər
Siyasət bölməsinin xəbərləri