Azərbaycandan Meksikaya gedən turistlərin sayı 20 faiz artıb - səfir




Azərbaycandan Meksikaya üz tutan turistlərin sayı 20 faiz artıb.

Trend-in Meksikanın Azərbaycandakı səfirliyinə istinadən verdiyi məlumata görə, bunu Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Qəbələ rayonuna səfəri çərçivəsində Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev ilə görüşü zamanı deyib.

Rayon İcra Hakimiyyətinin başçısı Meksika səfirini qəbul etməkdən məmnunluğunu ifadə edib. Rayon haqqında ümumi məlumat, onun iqtisadi və turistik potensialından xəbər verib. S.Abdullayev həmçinin qeyd edib ki, Qəbələ yerli və beynəlxalq tədbirlərin keçirməsi ilə daha da tanınıb.

Öz növbəsində, səfir R.Labardini Qəbələyə bir neçə dəfə müxtəlif məqsədlərlə gəldiyini vurğulayıb. Bu xüsusda, səfir qeyd edib ki, buraya rəsmi səfərlər çərçivəsində, eyni zamanda, bu rayonda baş tutmuş mədəni tədbirlərdə Səfirliyin iştiraki ilə əlaqədar səfər edib. Səfir Meksikalı rəssam Marqarita Moralesin Qəbələdə keçirdiyi sərgisinin uğurunu bir daha yada salıb.

Bundan əlavə, tərəflər əlaqələrin genişlənməsi perspektivlərini nəzərdən keçiriblər. Qəbələnin turistik imkanlarını nəzərə alan səfir R.Labardini, Meksika ilə Azərbaycan arasında turizmin dinamik artımı barədə məlumat verib. Səfir qeyd edib ki, son iki il ərzində Azərbaycandan Meksikaya üz tutan turistlərin sayı 20 faiz artıb. Diplomat ikitərəfli münasibətlər üçün böyük imkanlar açan sahə olan turizmin böyük potensialından söz açıb.

Görüşdə, həmçinin, ölkənin regionlarında Meksika mədəniyyətini təşviq etmək məqsədilə, Səfirliyin bir sıra mədəni tədbirlərinin Qəbələdə mümkün həyata keçirilməsi müzakirə olunub.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri