Leyla Əliyeva Neftçaladakı Xıllı nərə balıqartırma zavodunda yetişdirilmiş körpə nərə balıqlarının Xəzərə buraxılması mərasimində iştirak edib




İyunun 17-də Xəzər dənizinin ekoloji mühitinin yaxşılaşdırılması üzrə IDEA İctimai Birliyinin və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlığı çərçivəsində Neftçalada yerləşən Xıllı nərə balıqartırma zavodunda yetişdirilmiş körpə nərə balıqlarının suya buraxılması mərasimi keçirilib.

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və BMT Ətraf Mühit Proqramının xoşməramlı səfiri, əfsanəvi xokkeyçi Vyaçeslav Fetisov iştirak ediblər.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xıllı nərə balıqartırma zavodu 2003-cü ildə istismara verilib. Bu zavod Xəzər regionunda ən iri nərə balıqartırma müəssisəsidir. Burada bölgə, nərə, kələmo və uzunburun kimi nərə cinsli balıq növləri artırılaraq Kür çayının mənsəbinə buraxılır. Zavodun istehsal gücü ildə 15 milyona qədər nərə balıq körpələridir. Ümumi sahəsi 15 hektar olan zavodda 4 nohur, 54 beton hovuz var.

Müəssisə ilə tanışlıqdan sonra Xıllı nərə balıqartırma zavodunda yetişdirilmiş körpə nərə balıqlarının suya buraxılması mərasimi oldu.


Mərasimdə iştirak edən BMT Ətraf Mühit Proqramının xoşməramlı səfiri, əfsanəvi xokkeyçi Vyaçeslav Fetisov jurnalistlərə müsahibəsində dedi: "Hər dəfə Azərbaycana gələndə təəssürat içində oluram. Bu gün mənim üçün daha bir səhifə açılıb. Leyla xanım Əliyeva ekologiya problemi ilə kifayət qədər çoxdan və ciddi məşğul olur. O, aydın başa düşür ki, Yer üzündə ən böyük sərvət insandır. İnsan isə yalnız ekologiyanın normal olduğu yerdə, normal təbii şəraitdə salamat qala bilər. Odur ki, bu işlə məşğul olur. Əlbəttə, bu, Birləşmiş Millətlər Təşkilatında təbiəti mühafizə ilə məşğul olan təşkilatın səfiri kimi məni çox sevindirdi. Bu problemlə getdikcə daha çox məşğul olduğum üçün deyə bilərəm ki, indi bu, ən başlıca məsələdir".

Qeyd edək ki, son onilliklər ərzində Xəzər dənizinin nadir balıq növlərinin populyasiyaları insan fəaliyyətinin mənfi təsirləri, çirklənmə, qaçaqmalçılıq və həddən artıq ovlanma nəticəsində məhvolma təhlükəsi həddinə çatıb. Problemin hərtərəfli həlli məqsədilə IDEA İctimai Birliyi tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Böyük Britaniyanın "Mavi Dəniz Fondu" (BLUE) ilə birlikdə müxtəlif mühafizə, bərpa və ictimai maarifləndirmə tədbirləri həyata keçirilir.



Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri