“Mercedes Benz”in Azərbaycan nümayəndəliyinin rəhbərinin oğlunun qətli ilə bağlı daha bir nəfər həbs edilib

“Mercedes Benz”in Azərbaycan üzrə nümayəndəliyinin rəhbərinin oğlunun qətli ilə bağlı daha bir nəfər həbs edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Almaniya vətəndaşı Vüsal Şilderi bıçaqla qətlə yetirmiş qrupun digər üzvü - Abşeron rayon sakini Seymur Talıbov Şabran rayonu ərazisində tutulub.

Qeyd edək ki, mayın 2-də Ə.Rəcəbli küçəsində Almaniya vətəndaşı Vüsal Şilder aldığı iki bıçaq xəsarəti ilə əlaqədar xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Nərimanov Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi, 18-ci Polis Bölməsi və Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində qətldə şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş Elman İsgəndərov mayın 5-də yaxalanıb.

Qeyd edək ki, Almaniya vətəndaşı olan 23 yaşlı Vusal Şilder Adolf əslən azərbaycanlıdır. Belə ki, Almaniya vətəndaşı olan kişi ilə Azərbaycan vətəndaşı olan qadın Vusal Şilder Adolfu 20 il əvvəl Bakıda övladlığa götürüblər. O, Qərb Universitetinin ikinci kurs tələbəsi olub.
Şərhlər
Hadisə bölməsinin xəbərləri