Azərbaycan prezidenti jurnalistlər üçün yeni binanın inşasına 5 milyon manat ayrılması barədə sərəncam imzalayıb

Azərbaycan prezidenti jurnalistlər üçün yeni binanın inşasına 5 milyon manat ayrılması barədə sərəncam imzalayıb Azərbaycan prezidenti İlham Əliyev mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.


APA-nın məlumatına görə, sərəncamın preambula hissəsində bildirilir ki, Azərbaycan Respublikasının dinamik inkişaf etdiyi, demokratikləşmə prosesinin getdikcə dərinləşdiyi, cəmiyyət həyatının bütün sahələrinin yeniləşdiyi müasir dövrdə kütləvi informasiya vasitələrinin səmərəli fəaliyyətinə daha etibarlı şərait yaradılması dövlətin diqqət mərkəzində duran əsas məsələlərdən biridir. Son illər milli mətbuata ayrılan dövlət yardımlarının həcmi xeyli artırılıb, KİV redaksiyaları və fərdi jurnalist layihələrinə hərtərəfli dəstək göstərilib, media işçilərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında” 2010-cu il 22 iyul tarixli 1041 nömrəli Sərəncamına uyğun olaraq dövlət vəsaiti hesabına 17 mərtəbəli, iki bloklu, 156 mənzilli bina tikilərək jurnalistlərin istifadəsinə verilib.


Prezidentin imzaladığı sərəncama əsasən, Azərbaycan mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün növbəti yaşayış evinin tikintisi ilə bağlı 2013-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna ilkin olaraq 5,0 (beş) milyon manat vəsait ayrılıb.
Şərhlər
Siyasət bölməsinin xəbərləri