Bakı Taxıl Terminalında fumiqasiya tədbirləri həyata keçirilib



Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsinin iştirakı ilə “Bakı Taxıl Terminalı” MMC-nin istehsal və saxlanılma yerlərində 34 min kubmetr ərazidə fumiqasiya (zərərsizləşdirmə) tədbirləri həyata keçirib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Trend-ə bildirilib ki, fumiqasiya tədbirləri Nazirlər Kabinetinin 2006-cı il 7 dekabr Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində karantin nəzarətində olan materialların zərərsizləşdirilməsi Qaydası”na uyğun olaraq aparılır. Fumiqasiya tədbirləri AXA-nın Fumiqasiya Mərkəzi tərəfindən görülür və xüsusi təhlükəli maddələr olduğuna görə qeyri-dövlət fitosanitar subyektləri tərəfindən bu tədbirlərin aparılmasına yol verilmir.


Respublika ərazisində karantin və xüsusi təhlükəli orqanizimlərin yayılmasının qarşısını almaq məqsədilə karantin nəzarətində olan obyektlərdə zərərsizləşdirmə tədbirləri təlimata uyğun həyata keçirilir. Bakı şəhərində istehsal və saxlanma yerləri, Şəki, Oğuz, Bərdə, Qobustan, Ağdam, Ağcabədi, Beyləqan və İmişli rayonlarında toxumçuluq təsərrüfatlarının anbarları fumiqasiya edilib.

Bu ilin 5 ayında fumiqasiya dəstəsi tərəfindən 205 min 940 kubmetr istehsal və saxlanma yeri, 95 min 500 kubmetr meşə materialı, 85 min 423,35 ton dənli və paxlalı bitkilər, texniki yüklər və sair fumiqasiya edildib. Həmçinin Fumiqasiya Mərkəzi tərəfindən sahibkarların müraciəti əsasında 485 min 96 kubmetr istehsal və saxlanma yeri, 165 min 61,7 kubmetr meşə materialı, 160 min 301,7 ton dənli və paxlalı bitkilər, texniki yüklər və sair fumiqasiya olunub. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə artım deməkdir.

Hazırda fumiqasiya tədbirlərinin həyata keçirilməsi davam etdirilir.

Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri