UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası nominasiyaların təqdimatı ilə davam edir

Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası iyulun 7-də işini nominasiyaların təqdimatı ilə davam etdirir.

Trend-in məlumatına görə, tədbiri açan sessiyanın təşkilat komitəsinin sədri, Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev ötən 7 günün gərgin müzakirələrlə, qarşılıqlı görüşlərlə və yeni nominasiyaların təqdimatı ilə yadda qaldığını bildirib. Nazir deyib ki, bu gün musiqi ictimaiyyəti çox ağır xəbər alıb. Belə ki, bossa-nova musiqi üslubunun banilərindən biri olan Juan Jilbertu 88 yaşında dünyasını dəyişib. 1931-ci ildə Braziliyada anadan olan gitaraçı, müğənni və bəstəkar Juan Jilbertu hələ yeniyetməlik illərindən mahnı oxumağa başlamışdı. Onun debüt “Chega de Saudade” (1959) albomu bossa-nova üslubunun əsasını qoyan səsyazmalardan biri hesab olunur. Juan Jilbertu dünya musiqisinə böyük töhfələr verib.
Sessiya iştirakçıları Juan Jilbertunun xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Günün ilk müzakirəyə çıxarılan nominasiyası Portuqaliyanın Mafra saray ansamblı ilə bağlı olub. Bu barədə ICOMOS-un hesabatı dinlənilib. Bildirilib ki, 1717-ci ildə inşasına başlanılan bu abidənin tikintisi 1735-ci ildə başa çatıb. Burada Kralın iqamətgahı, kilsə yerləşib. Roma barokko üslubunda inşa olunan bu bina dünya tarixi memarlığının bənzərsiz nümunələrindədir.

Maraqlı müzakirələrdən sonra fayl UNESKO-nun Dünya İrs Siyahısına salınıb.

Sessiya növbəti faylın müzakirəsi ilə davam edir.

Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri