Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında növbəti məzun buraxılışına həsr olunan tədbir keçirilib


Tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-leytenant Əli Nağıyev, DTX-nin rəhbər işçiləri, təhlükəsizlik orqanlarının veteranları, Akademiyanın professor-müəllim heyəti və məzunların valideynləri iştirak ediblər.

Trend-in məlumatına görə, əvvəlcə ümummilli lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilərək abidəsi önünə gül dəstəsi qoyulub.

Akademiyanın akt zalında davam edən tədbirdə Ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub, dövlət himni səsləndirilib.

DTX-nin rəisi general-leytenant Əli Nağıyev çıxış edərək buraxılış münasibətilə məzunları, onların valideynlərini, Akademiyanın professor-müəllim heyətini təbrik edib, gənc zabitlərə xidmətlərində müvəffəqiyyətlər arzulayaraq, tapşırıq və tövsiyələrini verib, qarşıda duran vəzifələrdən danışıb.

General-leytenant Əli Nağıyev ümummilli lider Heydər Əliyevin adını daşıyan xüsusi təyinatlı ali təhsil müəssisəsini bitirən gənc zabitlərin əldə etdikləri mühüm bilikləri Vətənin müstəqilliyinin və təhlükəsizliyinin təmin olunması istiqamətində uğurla tətbiq edəcəklərinə, möhtərəm Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə müstəqil Azərbaycanın milli maraqlarının və təhlükəsizliyinin etibarlı təmin olunması uğrunda vicdanla xidmət edəcəklərinə əminliyini bildirib. O, məzunların xidmətə başlayacaqları sahələrdə əzmlə çalışmalarının, cəsur, qətiyyətli və prinsipial zabit kimi xidməti vəzifələrini şərəflə yerinə yetirmələrinin Heydər Əliyev vətənpərvərlik və peşəkarlıq məktəbinə, dövlətçilik mənafelərinin qorunması amallarına sədaqət göstəricisi olduğunu vurğulayıb.

Azərbaycanda xüsusi xidmət orqanlarının ali təhsil müəssisəsinin yaradılması ideyasının Ulu Öndərə məxsus olduğunu qeyd edən general-leytenant Əli Nağıyev bildirib ki, təhlükəsizlik orqanlarının ixtisaslı, peşəkar kadrlarla təmin edilməsi və onların hazırlıq səviyyələrinin daim artırılması məsuliyyətli və prioritet vəzifədir.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi diqqətə çatdırıb ki, Heydər Əliyev siyasi xəttini uğurla davam etdirən möhtərəm Prezident cənab İlham Əliyevin həyata keçirdiyi davamlı inkişaf strategiyası nəticəsində bütün sahələrdə olduğu kimi, təhsil sistemində də aparılan islahatlar, kadr potensialının müasir tələblər səviyyəsinə uyğunlaşdırılması təlim-tədrisin keyfiyyət göstəricilərini durmadan yüksəldir. Dövlətimizin başçısı cənab İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın elmə və təhsilə hərtərəfli diqqət və qayğısı nəticəsində ölkədə gənclərin müasir bilikləri mənimsəmələri və kamil mütəxəssis kimi yetişmələri üçün hər cür şərait yaradılıb. DTX-nin Heydər Əliyev adına Akademiyası da bu sırada öncül yerlərdən birini tutur.

Qeyd edilib ki, Azərbaycan təhlükəsizlik orqanlarının bir əsrlik tarixinin ən şərəfli və yaddaqalan dövrü Ulu Öndərin adı ilə sıx bağlıdır. Ümummilli Liderin amallarına, miras qoyduğu ənənələrə daim sadiq olan DTX-nin şəxsi heyəti bu məktəbin layiqli davamçısı adını doğrultmaq üçün bütün gücünü səfərbər edib. Dövlətimizin başçısı tərəfindən bütün dövlət qurumlarına, o cümlədən DTX-yə xüsusi qayğı göstərilir. Qurumun maddi-texniki təminatı möhkəmləndirilir, şəxsi heyətin əməliyyat-döyüş hazırlığının yüksəldilməsi, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində zəruri tədbirlər görülür.

General-leytenant Əli Nağıyev diqqətə çatdırıb ki, dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsində, dayanıqlı iqtisadi tərəqqinin əsas təminatçısı olan sabitliyin və təhlükəsizliyin qorunmasında digər aidiyyəti dövlət və hüquq mühafizə orqanları ilə yanaşı, DTX-nin də üzərinə böyük vəzifələr düşür: “Biz hamılıqla Ulu Öndərin bizə əmanət etdiyi, möhtərəm Prezident cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə durmadan inkişaf edən və daha da qüdrətlənən Azərbaycan Respublikasına şərəflə xidmət etməli və dövlət müstəqilliyimizi fədakarlıqla qorumalıyıq”.

Xidmət rəisi əminliklə bildirib ki, DTX-nin şəxsi heyəti Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin bütün əmr və göstərişlərini bundan sonra da vaxtında və qətiyyətlə yerinə yetirəcəkdir.

Sonra general-leytenant Əli Nağıyev Akademiyanı fərqlənmə ilə bitirən gənc zabitlərə diplomları təqdim edib. Digər məzunlara da diplomlar təqdim olunduqdan sonra Ulu Öndərin abidəsi önündə xatirə şəkli çəkdirilib.

Məzunların valideynləri Akademiyada yaradılan hərtərəfli şəraitə, kursantlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirib, övladlarının Vətənin təhlükəsizliyinin etibarlı müdafiəçiləri sırasında xidmətə başlamalarından qürur duyduqlarını qeyd ediblər.
Şərhlər
Siyasət bölməsinin xəbərləri