Səfir: “Gürcüstan-Azərbaycan sərhədindəki insidentin təxribat olduğu göz qabağındadır”

“İyulun 14-də azərbaycanlı sərhədçilər və yerli əhali arasında baş verən insidenti pisləyirik”.
“Report” xəbər verir ki, bu barədə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze İctimai Televiziyada yayımlanan “Diqqət mərkəzi” proqramına müsahibəsində bildirib.

Səfirin sözlərinə görə, hər iki tərəfin müvafiq orqanlarının fəal müdaxiləsi nəticəsində insidentin çox tez, cəmi bir neçə dəqiqə ərzində qarşısı alınıb: “Vurğulamaq istərdim ki, artıq araşdırma aparılır. Xarici işlər nazirliklərinin bəyanatlarına əsasən, əhaliyə, məsələ ilə maraqlanan insanlara çağırış edirəm ki, təxribatdan yayınsınlar, imkan verməyək ki, bu məsələ qabardılsın. Bizim xeyrimizi istəməyənlərə məsələni şişirtməyə imkan verməyək. Təxribatdan uzaq olaq, çünki bunun açıq-aşkar təxribat olduğu göz qabağındadır”.

Z.Pataradze bildirib ki, komissiyanın normal rejimdə çalışaraq ortaya obyektiv material qoymasına imkan verilməlidir: “Əminəm ki, qəbul edilən qərar ölkələrimizin rifahına, dostluğa, uğura və gələcək planlara yönəlmiş bir qərar olacaq. Biz təxribatlara uymamalı, təxribatlardan yayınmalıyıq”.
Şərhlər
Siyasət bölməsinin xəbərləri