Mikayıl Cabbarov: İslahatlar nəticəsində əmək müqavilələrinin sayı artıb
- 01.08.2019, 19:27,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
İslahatlar nəticəsində əmək müqavilələrinin sayı artıb.
Bunu vergilər naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirədə çıxışı zamanı deyib.
M.Cabbarov bildirib ki, altı ayda icmal büdcəsinə cari daxilolma Vergilər Nazirliyi tərəfindən təmin olunub və 4 milyard 954 milyon manat təşkil edib. Bunun 3 milyard 633 milyon manatı vergi və dövlət rüsumlarıdır, 1 milyard 321 milyon manatı isə məcburi sosial sığorta və işsizlikdən sığorta haqqıdır:
“Bu, müvafiq olaraq 108,8 faiz vergilər üzrə və müvafiq olaraq 112,5 və 116 faiz məcburi sosial sığorta və işsizlikdən sığorta üzrə rəqəmlərdir. İnanırıq ki, biz bu tempin saxlanılmasına nail olacağıq və hörmətli həmkarlarımızla yaxından işləyirik. Bizdə olan məlumata görə, Dövlət Gömrük Komitəsi də 6 ayda proqnozun 108 faiz icrasını təşkil edib”.
Nazir vurğulayıb ki, bu nəticələrin kökündə duran əsas amillər, ilk növbədə, vergi siyasəti, inzibatçılıq və Prezidentin rəhbərliyi ilə həyata keçirilən islahatlar olub:
“İkincisi, həmkar qurumlarımızla yaxından, komanda şəklində birgə işimiz, məlumat mübadiləmiz. Üçüncüsü, vergiödəyiciləri ilə münasibətlərimizin təbiətinin dəyişdirilməsi və nəhayət, kölgə iqtisadiyyatı ilə mübarizədə uğurlarımız, o cümlədən dövriyyə və iş yerlərinin kölgədən çıxarılması”.
O əlavə edib ki, vergi daxilolmalarında qeyri-neft sektorunun payı 70,1 faizə çatıb. Bu, 2018-ci ildəki 65,8 faizlə müqayisədə əhəmiyyətli artımdır:
“Ümumilikdə, qeyri-neft sektoru üzrə daxilolmanın artım tempi 14,3 faiz təşkil edib. Bu da iqtisadiyyatın müvafiq sektorunun artım tempini üstələyir və illik proqnozun 51,1 faizini artıq icra etmişik. Qeyri-neft sektorunun özündə isə özəl sektorun payı çox yüksəkdir – 77 faiz özəl sektor tərəfindən təmin edilib. Vergi islahatları nəticəsində əmək müqavilələrinin sayında əhəmiyyətli artım qeydə alınıb. Toplam 6 ay ərzində 101 min yeni əmək müqaviləsi qeydiyyata alınıbdır. Bu rəqəmin 77 mini özəl qeyri-neft sektorunda qeydə alınıb”.
M.Cabbarov qeyd edib ki, 2018-ci illə müqayisədə səyyar vergi yoxlamalarının sayı 2,7 dəfə, 2017-ci illə müqayisədə isə 6 dəfə azaldılıb:
“Sevindirici hal ondan ibarətdir ki, biz həmişə özəl sektoru, ümumiyyətlə, iqtisadiyyatın, vergi siyasətinin və inzibatçılığın təsirində izləməyə çalışırıq. Özəl sektorun bank sistemində Azərbaycan manatı ilə olan hesablarında qalıq artımını nəzərinizə çatdırmaq istəyirəm. Bir il ərzində 49 faiz artıb, ilin əvvəlindən isə 20 faiz. Bu da hesab edirik ki, həm biznesin nağdlaşmadan əməliyyatlara keçməsinin, həm də ölkə iqtisadiyyatına olan inamın göstəricisidir”.