Xəzər dənizini çirkləndirən əsas mənbələr açıqlanıb
- 29.08.2019, 18:17,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Xəzər dənizinin əsas çirklənmə mənbələri onun hövzəsində, sahil zolaqları və akvatoriyasında yerləşən şəhərlərin və sənaye obyektlərinin çirkab suları, dəniz nəqliyyatından və başqa mədənlərindən daxil olan müxtəlif çirkləndiricilərdir".
LIVE.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Mirsalam Qənbərov deyib.
O bildirib ki, Abşeron yarımadasında kanalizasiya şəbəkəsinin tamamlanmaması, sahilboyu ərazilərdə fəaliyyət göstərən ictimai-iaşə obyektlərinin çoxunda təmizləyici qurğuların olmaması, tullantı sularının idarə olunmasına cavabdeh olan bələdiyyə, icra nümayəndəliyi, təmizlik işləri ilə məşğul olan müvafiq qurumların laqeyd münasibəti vəziyyəti daha da ağırlaşdırır.
Nazirlik rəsmisi əlavə edib ki, Xəzər sahili boyunca yerləşən yaşayış massivlərinin çoxunda formalaşan tullantı suları Hövsan kanalı və digər axarlar vasitəsilə təmizlənmədən birbaşa dənizə axıdılmaqda davam edir və bu da dənizdə gərgin ekoloji vəziyyətin yaranmasına səbəb olur.
"Çirkab suların birbaşa Xəzərə axıdılmasının dayandırılması, acınacaqlı vəziyyət yaradan axarların qarşısının alınması üçün tərəfimizdən müvafiq tədbirlər görülür, eyni zamanda tullantı sularını dənizə axıdan fiziki və hüquqi şəxslərə təmizləyici qurğuların qurulması, daxili kanalizasiya sisteminin çəkilməsi, mövcud olan qurğuların düzgün idarə olunması üçün xəbərdarlıqlar edilir, məcburi göstərişlər verilir, cərimələr tətbiq olunur"- deyə şöbə müdiri bildirib.
M.Qənbərov vurğulayıb ki, atmosfer havası ilə bağlı aparılan monitorinqlər isti yay günlərində küləksiz, yüksək temperatur olan dövrlərdə atmosfer havasının çirklənməsinin daha intensiv xarakter aldığını göstərir: "Hazırda paytaxtda havanın çirklənməsinin 70%-dən çoxu avtonəqliyyatın payına düşür. Bununla yanaşı, iri sənaye müəssisələrinin cəmləşməsi, insanların sıx məskunlaşması da havanı çirkləndirən əsas amillərdəndir. Atmosfer havasının keyfiyyətinə təsir edən digər səbəblər isə təsərrüfat fəaliyyəti zamanı ekoloji norma və standartlara düzgün riayət edilməməsidir.
Atmosferə atılan tullantıların böyük bir hissəsi nəqliyyat vasitələrinin payına düşdüyü üçün bu sahə üzrə daha mütərəqqi metodların tətbiqi, təbiətə dost nəqliyyat vasitələrinin təşviqi təmin edilməli, elektromobillərin, hibrid nəqliyyat vasitələrinin, havanı daha az çirkləndirən sıxılmış qazla işləyən avtomobillərin sayı artırılmalı, dizel yanacağı ilə işləyən nəqliyyat vasitələri minimuma endirilməli, mühərriki kiçik həcmli avtomobillərə üstünlük verilməlidir".