Şamaxı rayonunun Meysəri kəndində Azərbaycanda ilk dəfə Üzüm və Şərab Festivalı keçirilir. Tədbir “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksi ərazisində təşkil olunub.
I Üzüm və Şərab Festivalı çərçivəsində ilk tədbir – dəyirmi masa təşkil olunub. Dəyirmi masada yerli şərab istehsalçıları, müvafiq dövlət qurumlarının nümayəndələri və xarici ekspertlər iştirak ediblər.
Tədbirdə ölkədə şərabçılıq sahəsində mövcud olan problemlər, inkişaf istiqamətləri və yerli şərab məhsullarının xarici bazarlara çıxışı mövzuları müzakirə olunub.
Dəyirmi masanın moderatoru, Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Elçin Mədətov Azərbaycanda iqtisadiyyatın səmərəliliyinin artırılması və rəqabət qabiliyyətinin yüksəldilməsi çərçivəsində aqrar sektorda üzümçülüyün, eyni zamanda, şərabçılığın dinamik inkişafının ölkənin əsas prioritetlərindən biri olduğunu bildirib. Qeyd edib ki, bu baxımdan 2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün, eləcə də 2018-2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair dövlət proqramları ölkəmizdə üzümçülüyə və şərabçılığa dair aqrar siyasəti formalaşdıran əsas sənədlər hesab edilir.
Dəyirmi masa müzakirələrlə davam edib, təkliflər səsləndirilib.
Tədbirdə "Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisələrindən biri olan Şəki şərab zavodunun direktoru Vidadi Həsənov da iştirak edib.
Sonra beynəlxalq və yerli ekspertlərin iştirakı ilə şərab istehsalçılarının və somelyelərin master-klasları keçirilib.
Qeyd edək ki, festival Heydər Əliyev Fondunun dəstəyi, Kənd Təsərrüfatı Nazirliyi, Şamaxı Rayon İcra Hakimiyyəti, “Regional İnkişaf” İctimai Birliyi, Dövlət Turizm Agentliyi və Azərbaycan Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə keçirilir. Layihənin məqsədi yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda şərab istehsalı tarixinin geniş ictimaiyyətə çatdırılmasıdır.
Festival günlərində üzüm istehsalı və şərabçılıq, ölkənin turizm potensialı ilə bağlı müxtəlif maarifləndirici və əyləncəli tədbirlər olacaq.
Avqustun 30-da festivalın açılış mərasimi keçiriləcək, qonaqlara musiqili proqram təqdim olunacaq. Rəqqas və nağaraçıların, həmçinin nəfəsli alətlər orkestri, eləcə də festivalın emblemi olan fiqur və kuklaların iştirakı ilə parad təşkil ediləcək.
Tədbirdə iştirak edən şərab istehsalçıları öz müəssisələri barədə təqdimatlarla çıxış edəcək, məhsullarının dequstasiyasını keçirəcəklər.
Ərazidə Azərbaycanın kənd təsərrüfatı məhsullarının yarmarkası da təşkil olunacaq.
Festival çərçivəsində ölkədə şərabçılıq sahəsində mövcud olan problemlər, inkişaf istiqamətləri və yerli şərab məhsullarının xarici bazarlara çıxışı mövzularında dəyirmi masa keçiriləcək. Tədbirdə yerli şərab istehsalçıları, müvafiq dövlət qurumlarının nümayəndələri və xarici ekspertlər iştirak edəcəklər.
Burada beynəlxalq və yerli ekspertlərin iştirakı ilə somalye kursları da təşkil olunacaq.
Kompleks ərazisindəki göldə işıq şousu nümayiş etdiriləcək.
Festival çərçivəsində Xalq artistləri Aygün Kazımova, Faiq Ağayev, Natiq Şirinov, Əməkdar artist Miri Yusif və digər tanınmış incəsənət ustaları və qruplarının iştirakı ilə konsert proqramları keçiriləcək. Həmçinin diskotekalar təşkil ediləcək, açıq havada şərabçılığa dair filmlər nümayiş olunacaq.
Avqustun 31-də festival tədbirləri başlayanadək həm də yoqa, karate və gimnastika məşqlərində iştirak etmək mümkün olacaq. Festival çərçivəsində Şamaxı Astrofizika Rəsədxanasına gecə turları, İsmayıllı rayonunun Lahıc kəndinə ekskursiyalar, Şamaxı, İsmayıllı, Ağsu rayonları ərazisində yerləşən şərab təsərrüfatlarına dequstasiya turları da təşkil ediləcək.
Ərazidə festival günlərindən xatirələri əbədiləşdirmək üçün foto zona da olacaq.