Nabranda baş verən dəhşətli hadisənin təfərrüatları

Nabranda baş verən dəhşətli hadisənin təfərrüatları Bir neçə gün öncə Nabran Holiday Village-də dəhşətli hadisə baş verib. Sözügedən istirahət nərəkəzində 2 yaşlı İmran Cəfərzadənin ayaqlarını hovuzun nasosu sovurmuşdu. Hadisə İmranın atasının gözü qarşısında baş verib. Nə atası, nə də digər hovuzdakılar körpəni xilas edə biliblər. Uşağı təcili surətdə şəhər xəstəxanasına gətiriblər.

“Qafqazinfo”ya açıqlama verən uşağın xalası Əzizə Baxşıyeva bildirib ki, İmranın 1 ayağı dizindən aşağı kəsilib, digərinin isə kəsilib-kəsilməyəcəyi hələ ki, bilinmir: “Həkimlər deyir ki, 50 faiz ümid var ki, o biri ayağı kəsilməsin. Yaranın infeksiyalaşma mərhələsi keçsin sonra xaricə aparmağa qoyacaqlar. Biz də ümid edirik ki, bəlkə, o biri ayağı xilas ola bilər. Biz də Almaniyadakı xəstəxanalarla əlaqə saxlayırıq. Amma ora aparmaq da çox çətindi, xərcləri çoxdur”.

O, istirahət mərkəzinin rəhbərliyindən heç kimin uşağın vəziyyəti ilə maraqlanmadığını bildirib:

“Heç kim bizimlə əlaqə qurmayıb, hələ də susurlar. Hadisə ilə bağlı cinayət işi açıldığı üçün bircə dəfə müstəntiq bizə zəng vurdu. Artıq 3 gün keçib nə müstəntiq, nə də istirahət mərkəzinin rəhbərliyindən heç bir xəbər yoxdur”.

Gün.az-ın məlumatına görə, hadisə şahidlərindən Aygün Muradova “Facebook” sosial şəbəkəsində baş verən faciədən yazıb:

“Qohumlarımız orada idi, onlar hər şeyi görüblər. Oğlan valideynləri ilə bir yerdə imiş və hava doldurulmuş üzgüçülük halqasında üzürmüş. Cəmi bir neçə saniyə ərzində onu nasos sistemi sovuraraq özünə doğru çəkdi, sonra isə sürətlə kənara atdı. Artıq ayaqları yox idi. Sistem daha sonra onun ayaqlarını kənara tulladı. Bütün bunların hamısı cəmi bir neçə saniyə ərzində baş verdi. Hətta qan da yox idi, nasos bütün qanı sovurub özünə çəkmişdi”.

Qeyd edək ki, sözügedən hadisə ilə bağlı “Facebook”da “İmranı xilas edək” adlı qrup da yaradılıb. Qrup istifadəçiləri istirahət mərkəzinin bu barədə cavab verməsini və məsuliyyətə cəlb olunmasını istəyirlər. Səhifəyə qoşulan istifadəçilər ayaqlarından məhrum olan 2 yaşlı körpənin müalicəsi üçün lazımi vəsaitin toplanmasının tərəfdarı olduqlarını bildiriblər.

Hazırda Xaçmaz Rayon Prokurorluğu hal-hazırda faciəli insidenti araşdırır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri