Həbib Nurməhəmmədov Dastin Poryeyə qalib gəlib
- 08.09.2019, 17:10,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
BƏƏ-nin paytaxtı Əbu-Dabidə qarışıq döyüşlər üzrə UFC 242 turniri başa çatıb.
“Report” xəbər verir ki, gecənin əsas döyüşü yüngül çəkidə UFC çempionu rusiyalı Həbib Nurməhəmmədov ilə təşkilatın müvəqqəti çempionu Dastin Porye arasında baş tutub.
Görüş rusiyalı idmançının aşkar üstünlüyü şəraitində keçib. O, artıq ilk dövrədə rəqibini iki dəfə küncə sıxaraq boğucu fəndlər tətbiq etməyə çalışıb. Beş dəqiqəlik müddətin sonunda Poryeyə bir neçə sərt dirsək zərbəsi endirib.
İkinci raundun ilk dəqiqəsində Porye rəqibinə qarşı duruş gətirə bilib və Dastin Həbibə bir neçə sərt zərbə endirməyi bacarıb. Lakin tezliklə Həbib yenidən rəqibini yerə yıxaraq beş dəqiqənin sonuna qədər döyüşə hakim olub.
Üçüncü raundda isə Həbib Poryenin müqavimətini qıraraq boğucu fənd tətbiq edib və döyüşü vaxtından əvvəl qələbə ilə başa vurub.
Nurməhəmmədov ardıcıl ikinci dəfə titulunu müdafiə edib və qarışıq döyüşlərdə qələbə seriyasını 28-ə çatdırıb. Poryeyə gəlincə isə, amerikalı idmançı müvəqqəti çempion titulundan məhrum olub. Dastinin ardıcıl beş oyunluq qələbə seriyası qırılıb. O, daha əvvəl 2016-cı ildə məğlubiyyətlə üzləşmişdi.