Azərbaycanda bələdiyyə ödənişləri Hökumət Ödəniş Portalına inteqrasiya edilib

Hökumət Ödəniş Portalının (HÖP) infrastruktur imkanlarının genişləndirilməsi tədbirləri çərçivəsində uzun müddətdir ki, yerli (bələdiyyə) vergilər və ödənişlərin toplanılması imkanın yaradılması istiqamətində işlər davam etdirilirdi.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, bu istiqamətdə Prezident Administrasiyasının dəstəyi ilə Azərbaycan şəhər, kənd və qəsəbə bələdiyyə assosasiayaları ilə birlikdə görülən işlər başa çatdırılıb. Həyata keçirilmiş tədbirlər nəticəsində yaradılmış “Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi” HÖP infrastrukturuna inteqrasiya olunub. İlkin mərhələdə ölkədə mövcud olan 1 607 bələdiyyə orqanlarından 700-dən çoxu üzrə vergi ödəyiciləri və onların cari öhdəlikləri haqqında məlumatlar mərkəzi informasiya sisteminə daxil edilib. Yaxın dövrlərdə yerli bələdiyyə orqanları ilə "Bələdiyyələrin Onlayn Xidmət Mərkəzi" tərəfindən həyata keçirilən birgə tədbirlər çərçivəsində digər bələdiyyə orqanları üzrə vergi ödəyiciləri haqqında məlumatların mərkəzi informasiya sisteminə daxil edilməsi başa çatdırılacaq və ölkənin bütün regionlarında ödənişlərin qəbulu təmin ediləcək.

Beləliklə, sentyabrın 6-dan yerli (bələdiyyə) vergi və ödənişlər HÖP-ə inteqrasiya olunmuş 30 bank və “Azərpoçt” MMC-nin 2 500-dən çox filial və şöbələrində, 1 300-ə yaxın ödəniş terminalında istənilən vasitələrlə, o cümlədən nağd formada, portalın internet səhifəsindən (www.gpp.az) və mobil əlavəsindən (Android və IOS platformalı) istifadə etməklə isə ödəniş kartları vasitəsilə nağdsız qaydada həyata keçirilə bilər.

Ödənişlərin həyata keçirilməsi zamanı ödəyicinin identifikasiyası üçün bələdiyyələrin təqdim etdiyi “Yerli Vergi Ödəyicisinin Kodu”ndan (YVÖK) istifadə edilməlidir. Ödəyicilər bu kodu müvafiq bələdiyyə orqanlarına müraciət etməklə əldə edə bilərlər.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri