Nazir müşaviri uşaq müavinətləri ilə bağlı müzakirələrə münasibət bildirib
- 12.09.2019, 17:05,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri Mustafa Abbasbəyli son zamanlar sosial şəbəkələrdə müzakirə olunan uşaq müavinətlərinin bərpa olunub-olunmamayacağı müzakirələrinə münasibət bildirib.
“Report”un xəbərinə görə, müşavir bildirib ki, Azərbaycanın sosial müdafiə sistemi özündə aşağıdakı istiqamətləri ehtiva edir:
Əmək pensiyası / Müavinətlər / Təqaüdlər / Ünvanlı Dövlət Sosial Yardımı (ÜDSY) / Reabilitasiya / Sosial xidmətlər / Əmək və məşğulluq məsələləri / Digər xidmətlər.
Maddi şəkildə göstərilən xidmətlərə əsasən ilk dördü aiddir:
1. Əmək pensiyası - əmək fəaliyyəti dövründə minimum staj tələbini və/vəya minimum kapital tələbini yerinə yetirən (istisnalar olmaqla) şəxslərə ödənilir.
2. Müavinətlər - pensiya hüququnu əldə edə bilməyən müəyyən qrup şəxslərə ödənilir.
3. Təqaüdlər - bir qayda olaraq dövlət qarşısında xidmətləri olan şəxslərə ödənilir.
4. ÜDSY - aztəminatlı ailələrə ödənilir".
M.Abbasbəyli vurğulayıb ki, əmək pensiyası vətəndaşın şəxsən qazandığı bir hüquqdur: “Bunu qoyduq bir kənara. Müavinət, təqaüd və ÜDYS isə minimum yaşayış standartlarını təmin etmək üçün dövlətin vətəndaşına göstərdiyi qayğıdır”.
Bu qrupa aid sosial ödənişlər 3 meyar üzrə aparılır:
A. Dövlət qarşısında xidmətlərə görə - şəhid ailələrinə, müharibə əlillərinə, veteranlarına və s.
B. Səhiyyə və reabilitasiya ehtiyaclarına görə - əlillərə, sağlamlıq imkanları məhdud uşaqlara, əlillərə qulluğa görə və s.
C. Maddi ehtiyaclara görə - az təminatlı ailələrə, ailə başçısını itirmiş ailələrə, əmək qabiliyyətini müvəqqəti itirmişlərə və s.
Bu 3 meyara aid olmayan müavinətlər də ola bilər. Ancaq bir qayda olaraq bu müavinətlər dövlətin müəyyən müddəti üçün müəyyən hədəflərini həyata keçirmək məqsədi ilə həyata keçirilir.
İndi gələk əsas məsələ olan uşaq müavinətlərinə.
Əgər uşaq A qrupuna aiddirsə, bu halda onlara müavinət ödənilir - şəhid uşaqlarına müavinət, müharibə əlillərinin uşaqlarına müavinət və s.
Əgər uşaq B qrupuna aiddirsə, bu halda onlara müavinət ödənilir - sağlamlıq imkanları məhdud uşaqlara müavinət, onlara qulluq üzrə müavinət və s.
Əgər uşaq C qrupuna aiddirsə, bu halda da onlara müavinət ödənilir - ÜDSY proqramı çərçivəsində aztəminatlı ailələrə, o cümlədən də uşaqlara sosial yardım.
Yox əgər uşaq yuxarıda sadalanan 3 qrupdan heç birinə aid deyilsə və biz yenədə ona müavinət ödənilməsini istəyiriksə bunun yəgin ki, bir səbəbi ola bilər - Demoqrafiya.
“İndi gəlin müzakirə edək görək Azərbaycanın demoqrafik problemi var ya yox. Məncə yoxdur, sizcə varsa müzakirə edək. Ancaq bu müzakirəni sosial müdafiə kontekstindən çıxardıb demoqrafiya kontekstinə keçirdək.Ölkənin sosial siyasəti çox həssas sahədir. Hər hansı sosial addım çox ciddi şəkildə təhlil edilərək atılmalıdır. Uşaq müavinəti ilə bağlı addım ya demoqrafik kontekstdə, ya da yuxarıda sadalanan 3 meyar kontekstində əsaslandırılmalıdır” - deyə nazirin müşaviri fikirlərinə əlavə edib.