Azərbaycanda mal-qaranın sayı rekord həddə çatıb

Azərbaycanda mal-qaranın sayı rekord həddə çatıb Bu il iyulun 1-nə Azərbaycanda 2,730 mln. baş iri buynuzlu heyvan, o cümlədən, 1,308 mln. baş inək və camış, həmçinin 8,832 mln. baş qoyun və keçi olub. Bu, son illərin ən yüksək göstəriciləridir.

Bu barədə APA-ya Kənd Təsərrüfatı Nazirliyi heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Çingiz Fərəcov məlumat verib.

Ç.Fərəcovun sözlərinə görə, keçən ilin müvafiq dövrünə nisbətən iribuynuzlu mal-qara ümumilikdə 1%, inək və camışlar 1,2%, qoyun və keçilərin sayı isə 1% artıb.

Şöbə müdirinin sözlərinə görə, ümumiyyətlə, son dövrlər Azərbaycanda heyvandarlıq sahəsi sürətlə inkişaf edir: «Əgər bu ilin ilk 6 ayında ümumi məhsul istehsalı 5,1% artıbsa, onun əsas hissəsi məhz heyvandarlıq hesabına əldə olunub».

Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycanda ət istehsalı 3,2%, süd - 6,6%, yumurta - 14%, yun istehsalı isə 2,6% artıb.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri