Şəki Dövlət Dram Teatrı 140-cı mövsümə başladı



Şəki Dövlət Dram Teatrı sentyabrın 17-də, 140-cı yubiley mövsümünün açılış günündə teatrsevərlərə J.Molyerin və M.Bulqakovun “Xəstəlik xəstəsi və ya yaşasın teatr” əsəri əsasında səhnələşdirilmiş tamaşanı təqdim edib.

LIVE.az-ın məlumatına görə, teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimlinin quruluş verdiyi tamaşa uzun illər Şəki teatrında işləmiş mərhum rejissor, Əməkdar incəsənət xadimi Hüseynağa Atakişiyevin 70 illik yubileyinə ithaf olunub.


Tamaşanın quruluşçu rəssamı Nicat Məmmədov, geyim üzrə rəssamı Sahib Əhmədov, musiqi tərtibatçısı Zeynəb Orucovadır.

Bu il Şəkidə peşəkar teatrın yaranmasının 140 ili tamam olur. Bu münasibətlə Şəki Dövlət Dram Teatrında təntənəli yubiley tədbirinin keçirilməsi nəzərdə tutulur. Eyni zamanda, yeni mövsümdə teatrın səhnəsində görkəmli dramaturq Cəfər Cabbarlının anadan olmasının 120 illiyi münasibətilə “Sevil” pyesinin və “Kitabi-Dədə Qorqud” eposunun motivləri əsasında Altay Məmmədovun yazdığı “Dəli Domrul” əsərinin tamaşaya qoyulması planlaşdırılır.


Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri