Dövlət Komitəsi qadınların qətlə yetirilməsi ilə nəticələnən cinayətlərin artmasına münasibət bildirib
- 12.10.2019, 00:08,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi son günlər qadınların qətlə yetirilməsi ilə nəticələnən cinayətlərin artmasına münasibət bildirib.
Komitənin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov APA-ya açıqlamasında bildirib ki, Azərbaycanda hər il məişət zorakılığı ilə bağlı təxminən 850-900 cinayət və inzibati iş olur.
Bu faktların 86%-i qadınlara və qız uşaqlarına qarşı edilir: “Son günlərdə qətllərin baş verməsi daha çox təkraraedici zorakılıq faktlarının nəticəsidir. 2015-ci ildən bütün yerli icra hakimiyyətlərinin tərkibində məişət zorakılığı ilə bağlı monitorinq komissiyaları yaradılıb. Onun çərçivəsində 11 dövlət qurumu fəaliyyət göstərir. Zorakılığa məruz qalanların qeydiyyatı həm yerli icra hakimiyyəti, həm də Daxili İşlər Nazirliyinin Polis şöbələri tərəfindən aparılır. Bəzi hallarda qeydiyyat məsələsində problem görürük. Birinci, ikinci dəfə zorakılığa məruz qalan qadın dövlət qurumuna müraciət etmirsə, onda problem olur. Çox təəssüf olsun ki, son qətl faktları ilə bağlı müraciətlər olmayıb. Bu da onu göstərir ki, qonşular, qohumlar, yaxınlar buna başqa cür münasibət göstərirlər. Belə faktların aradan qaldırılması üçün mütəmadi işlər aparırıq. Son qətllərlə bağlı isə bizə siqnal gəlməmişdi. Buna baxmayaraq, belə problemlərin aradan qaldırılması üçün təkliflər veririk. Məsələn, Komitənin təşəbbüsü ilə "Məişət zorakılığı haqqında" qanunun hazırlanması, 2011-2012-ci illərdə Nazirlər Kabinetinin məişət zorakılığı ilə bağlı qaydaların qəbul edilməsi, 2015-ci ildə Monitorinq komissiyalarının yaradılması, maarifləndirmə kampaniyalarının keçirilməsi, sosial şəbəkələrdə sosial roliklər bu sıraya aiddir”.
E.Səfərov qeyd edib ki, koordinasiyanın gücləndirilməsi məqsədilə bu il Məişət zorakılığı ilə bağlı milli fəaliyyət planının qəbul edilməsi planlaşdırılır:
“Artıq hər şey hazırdır, hətta Maliyyə Nazirliyi ilə də bu layihə razılaşdırılıb. Gözləyirik ki, qəbul edilsin, koordinasiya gücləndirilsin. Eyni zamanda ümumrespublika qaynar xəttinin yaradılması məqsədəuyğundur. Bununla bağlı da təklif göndərmişik. Əsas problemlərdən biri də dövlət sığınacağının olmamasıdır. Sığınacağın yaradılması problemin aradan qaldırılmasına yardım edəcək”.
Şöbə müdirinin sözlərinə görə, araşdırmalar göstərir ki, belə qətllərin səbəbi əsasən qadınla kişi arasındakı yaş fərqidir: “Bundan başqa qeyri-rəsmi nikahlar da bura aiddir. 16-17 yaşında qız uşaqlarıyla nikah bağlanılır, qızlar ali təhsil almır, bəzən orta təhsili belə bitirə bilmirlər. Eyni zamanda qısqanclıq, xəyanət məsələləri olur. Üçüncü səbəb kimi bir-biri ilə anlaşmamalarını göstərirlər. Nikah bağlayırlar, 3 ay yaşadıqdan sonra bir-birinə zərər vururlar. Uşaq doğulur, ailədə bir-birindən “asılılıq” yaranır və uşağa görə boşanmaq istəmirlər. Alkoqol və narkotik istifadəsi bu gün Azərbaycan cəmiyyətində böyük problem yaradır. Cəmiyyətdə olan patriarxal streotiplər də zorakılığa yol açır. Bu streotiplərlə mübarizəni gücləndirmək uzun vaxt tələb edir. Bunun üçün cəmiyyət tərəfindən zorakılığa “yox” deyilməlidir”.
E. Səfərov deyib ki, məişət zorakılığına məruz qalan insanlarla sosial işçilər, psixoloqlar, hüquqşünaslar işləyir: "Yenə də ailə hüquqşünasları, sosial işçilərin sayı çox azdır, çatışmazlıq var. Bütün regionları əhatə etmək olmur”.