Malayziyanın Baş naziri: Terror dünya üçün böyük bir təhdiddir



Dünyada soyuq müharibə bitsə də ayrı-ayrı ərazilərdə münaqişələr davam etməkdədir.

Trend-in məlumatına görə, bunu Malayziyanın Baş naziri Mahathir Bin Mohamad Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçirilən XVIII Zirvə Görüşündə deyib.

O qeyd edib ki, dünyada böyük müharibə baş verə bilər: “Biz böyük müharibənin şahidi ola bilərik. Ola bilər ki, hazırda vəziyyət o yerə çatmayıb. Lakin ayrı-ayrı ölkələrdə baş verən münaqişələr, müharibələr, terrorlar ümumilikdə dünya üçün böyük bir təhdiddir. Digər tərəfdən yeni silahların meydana gəlməsi vəziyyəti daha da çətinləşdirir”.

Baş nazir qeyd edib ki, terrorçuluq təhlükəsi azalmır, əksinə artır: “Dünyanın elə bir ölkəsi yoxdur ki, bu təhlükədən sığortalansın. Terrorizm yalnız düzgün yanaşma, düşüncə hesabına aradan qaldırılar bilər. Terrorizmin səbəblərini müəyyən edib aradan qaldırmasaq, bu təhlükə davam edəcək. Bütün üzv ölkələrə çağırış edirəm ki, terrora qarşı mübarizə aparsınlar və onun səbəbini öyrənsinlər".

Malayziyanın baş naziri deyib ki, artıq ticarət müharibələri iqtisadiyyatlara sarsıntı yaradır:

"Ticarət müharibələri ölkələrə adi müharibələr qədər zərər vurur. Bu da nəticədə sosial problemlərin meydana gəlməsinə, sosial müharibələrə səbəb olur. Aparıcı iqtisadiyyatlar arasında mübarizə dünya iqtisadi sisteminə mənfi təsir göstərir. Malayziya bu iqtisadi müharibənin ortasındadır. Biz ABŞ və Çin iqtisadiyyatına bağlıyıq. Çalışmalıyıq ki, milli rəqabətlilik qabiliyyətimzi artıraq. Bir insanı öldürən cinayətkar hesab olunur, lakin milyonlarla insanların ölümünə səbəb olanlar cəzasız qalır. Müasir müharibələr günahsız insanların, uşaqların ölümünə səbəb olur. Bunun səbəbkarları cəzalandırılmalıdır. Biz qüdrətli ölkələrin diqtəsi altında parçalanmamalıyıq. Bu, onlara ilham verir və bizə daha çox təzyiq göstərirlər. Birgə fəaliyyət göstərməklə bu çətinliklərə sinə gələ bilərik".
Şərhlər
Siyasət bölməsinin xəbərləri