Azərbaycandan 708 əcnəbi çıxarılıb
- 24.07.2013, 15:51,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən iyulun 15-dən 19-dək Bakı şəhərində və rayonlarda keçirilən tədbirlər nəticəsində 745 əcnəbi və vətəndaşlığı olmayan şəxs tərəfindən Azərbaycan qanunvericiliyinin pozulması faktı aşkarlanıb. Bu barədə APA-ya DMX-dən məlumat verilib.
Onlardan 30 nəfərə cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılıb. Bundan başqa 658 əcnəbi barəsində Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərk etmə, 50 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilib. Həmçinin 7 nəfər əcnəbinin Azərbaycan ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən, onlara aid olan itirilmiş sənədləri yenisi ilə əvəz olunub.
Ümumiyyətlə, həftə ərzində DMX-ə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün fərdi icazələrin verilməsi və mövcud fərdi icazələrin müddətlərinin uzadılması ilə bağlı 1624 müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılaraq müvafiq qərarlar qəbul edilib.
Ötən həftə ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 15428 nəfər əcnəbinin müraciəti qeydə alınıb.
Bununla yanaşı, işəgötürənin ölkə qanunvericiliyinin tələblərini pozmaqla fərdi icazə alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi hallarının aşkar edilərək qarşısının alınması məqsədi ilə də Xidmətin əməkdaşları tərəfindən ölkə ərazisində fəaliyyət göstərən sahibkarlıq subyektlərində yoxlamalar aparılıb. Keçirilmiş tədbirlər nəticəsində Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirməsi üçün fərdi icazənin verilməsi qaydalarının pozulması halları aşkarlanıb.