Eldar Əzizov: "Bakıda icra hakimiyyətlərinin balansında 11 min yaşayış binası var"

"Son vaxtlar qonaqlar və Bakı sakinləri görülən bu işləri həqiqətən yüksək qiymətləndirirlər. Birmənalı deyirlər ki, son on il ərzində Sizin səylərinizin nəticəsində Bakı keyfiyyətcə yeni bir səviyyəyə qalxıb. Bu, əhali və xarici qonaqlar tərəfindən qiymətləndirilir".

"Report"un xəbərinə görə, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.

O bildirib ki, bu gün Bakı Şəhər İcra Hakimiyyətinin və rayon icra hakimiyyətlərinin balansında 11 min yaşayış binası var: "Onları şərti olaraq həyətləri olan və olmayanlara bölmək olar. Deməli, bu gün həyətləri olan binaların sayı 6331-dir. Sizin tapşırığınıza uyğun olaraq, 2018-2019-cu illərdə 273 nümunəvi məhəllə yaradılıbdır. Mən burada bir məsələyə də toxunmaq istərdim. İlk növbədə, Leyla xanım Əliyevanın və onun təsisçisi olduğu IDEA İctimai Birliyinin fəaliyyətini qeyd etməyə dəyər. Möhtərəm cənab Prezident, İctimai Birliyin səyləri nəticəsində bu gün Bakı şəhərində yeni bir format – məhəllələrarası parklar formatı tətbiq olunub və olunur. Bu ərazilərdəki onlarla binanın fasadları, dam örtükləri, blokları təmir olunub, su təchizatı sistemi yenilənib və bütün yaş kateqoriyaları üçün həm istirahət etmək, həm idmanla məşğul olmaq, həm də asudə vaxtı səmərəli keçirmək üçün şərait yaradılıbdır. Bu proses davam edir.

İlin axırınadək daha 15 yeni nümunəvi məhəllə istifadəyə veriləcəkdir. Bizim hesablamalarımıza görə, yaxın illərdə hələ 743 bu cür layihə icra etmək mümkündür. Bu proses davam edir. Bu gün biz bir daha Heydər Əliyev Fondunun rəhbərliyinə və ilk növbədə, Leyla xanım Əliyevaya minnətdarlığımızı bildiririk".
Şərhlər
Sosial bölməsinin xəbərləri