Azərbaycan daha bir «Embraer» təyyarəsi alıb

Azərbaycan daha bir «Embraer» təyyarəsi alıb Bu dəqiqələrdə «Azərbaycan Hava Yolları» QSC (AZAL) tərəfindən alınmış Braziliya istehsalı «Embraer-190» sərnişin təyyarəsi Heydər Əliyev Aeroportuna enir. Bu barədə APA-ya AZAL-ın xidmət rəisi Məhərrəm Səfərli məlumat verib.


Bu, AZAL tərəfindən alınan artıq ikinci «Embraer-190» təyyarəsidir. İlk təyyarə bu ilin iyulun 5-də Azərbaycana gətirilib. Qeyd edək ki, 106 nəfərlik həmin təyyarə hazırda Bakıdan Gəncə, Naxçıvan və Təbriz (İran) istiqamətlərində uçuşlar həyata keçirir.


Ümumiyyətlə, Azərbaycan «Embraer» tipli 6 avialayner alacaq – bunun ikisi «Embraer-170», 4-ü isə «Embraer-190» olacaq. Bütün təyyarələrin ilin sonuna kimi alınaraq Azərbaycana gətirilməsi planlaşdırılır.


Qeyd edək ki, bu il AZAL-ın parkına həmçinin iki yeni «Airbus A-340» təyyarəsi əlavə olunub, 2014-cü ildə isə AZAL «Boeing-787 Dreamliner» təyyarəsini alacaq.


Hazırda AZAL-ın təyyarə parkında 7 «Airbus A-320», 4 «Boeing-757-200», 3 «Airbus A-319», 2 «Airbus A-340», 2 «Boeing-767-300ER» və artıq 2 «Embraer-190» avialaynerləri mövcuddur.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri