Azərbaycanda çay plantasiyaları 40% genişləndirilib
- 24.07.2013, 18:24,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda son dövrlər fermerlərin çayçılıq sahəsinə marağı artıb. Son 2-3 il ərzində ölkədə ümumilikdə 321 hektar yeni çay plantasiyaları salınıb.
Bu barədə APA-ya Kənd Təsərrüfatı Nazirliyi mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev məlumat verib.
M.Hacıyev qeyd edib ki, son zamanlar fermerlər hektarlarla çay əkməyə başlayıblar, yəni nəzərə çarpacaq dirçəliş müşahidə olunur: «Bu, nisbətən gec bara düşən sahədir. Ona görə də fermerlər bu sahəyə sərmayə yatırırsa, bunun bəhrəsini 5 ildən sonra görə bilir, 8 ildən sonra isə bu sahə kütləvi şəkildə öz axarına düşməyə başlayır».
Nazirlik sözçüsü əlavə edib ki, çayçılığın inkişaf etdirilməsi üçün fermerlər uzunmüddətli kreditlərin alınmasında maraqlıdır. «Çünki çayın, yəni bu sahənin özünü tutmasına uzun zaman lazımdır. Ona görə də fermerlər kreditləri uzun müddətə almaq istəyirlər. Bu məsələ artıq müvafiq qurumlar qarşısında qaldırılıb», - deyə M.Hacıyev vurğulayıb.
Qeyd edək ki, hazırda Azərbaycanda ümumilikdə 873 hektar çay sahələri var və bunun 543 hektarı bar verəndir. Təkcə 2012-ci ildə ölkədə 250 hektar çay plantasiyası salınıb və mövcud çay sahələri 40% artırılıb.