Almaniyada Azərbaycan diasporunun fəaliyyəti ilə bağlı elmi forum keçirilib



Almaniyanın Köln şəhərində "Alumniportal Aserbaidschan" onlayn platformasının təşkilatçılığı və Beynəlxalq Dini və Mədəni-Akademik Mərkəzin dəstəyi ilə elmi forum keçirilib.

LİVE.az-ın "Report"a istinadla verdiyi məlumata görə, öncə, "Alumniportal Aserbaidschan" layihəsinin təsisçiləri - Samir Həsənov və Asif Məsimov onlayn platformanın təqdimatını edib, azərbaycanlıların Almaniyadakı diasporunun fəaliyyət istiqamətləri, tətbiq sahələri, həmçinin ümumi strategiyanın inkişafı ilə bağlı məruzə ilə çıxış ediblər.


Almaniyanın ayrı-ayrı əyalətlərindən 40 nəfərədək iştirakçılara onlayn platformanın fəaliyyəti, nəticələri və gələcək məqsədləri haqqında məlumat verilib.

Sonra Vikipediya mütəxəssisi Matti Blume məruzə ilə çıxış edib. O, tədbir iştirakçılarını Vikipediyanın struktur, davranış qaydaları və onlayn ensiklopediyanın müsbət cəhətləri haqqında məlumatlandırıb. Məruzənin əsas hissəsində informasiya müharibəsində Vikipediya üzərindən təsir imkanlarına geniş yer ayrılıb.


Sonuncu məruzəçi Dr. Yohannes Henrih öz çıxışında Almaniyada fəaliyyətin göstərən Azərbaycan diasporunun uğurlu nəticələrinin əldə edilməsi üçün rasional və uzunmüddətli strategiyanın formalaşması zəruriliyini vurğulayıb.


Bütün məruzələr qarşılıqlı fikir mübadiləsi formatında davam edib və bir sıra təkliflər irəli sürülüb.

Tədbirin sonunda "Alumniportal Aserbaidschan" onlayn platformanın gələcək işləri ilə bağlı konkret fikirlər səsləndirilib. Forum iştirakçıları gələcək işlərin keyfiyyətli fəaliyyəti üçün azərbaycanlıların virtual aləmdə şəbəkələşməsi və mütəmadi olaraq fikir mübadiləsi aparmaq barədə razılığa gəliblər.

Şərhlər
Sosial bölməsinin xəbərləri