Oksford Universitetinin professoru: Azərbaycan görməyə dəyər, gözəl ölkədir

Azərbaycan turistlər üçün görməyə dəyər, cəlbedici ölkədir. Bu barədə Trend-ə Oksford Universitetinin Şərqşünaslıq fakültəsinin professoru Robert Hoyland deyib.

Hoyland Azərbaycanın sahilləri və çimərliklərinin gözəlliyini, həmçinin mənzərələrin müxtəlifliyini qeyd edib. Bütün bunlar şimalında dağların yerləşdiyi, respublikanın bütün ərazisində tarixin müxtəlif dövrlərində tikilən şəhərlərin, həmçinin qədim abidələrin olduğu ölkədədir.

Professorun sözlərinə görə, hazırda Azərbaycanın tarixi haqqında sənədli film ideyası nəzərdən keçirilir: "Film uğur qazanacağı halda BBC telekanalında nümayiş etdiriləcək".

Hoyland deyib: "Azərbaycan ən müxtəlif ənənələr və xalqların olduğu məkandır, həmçinin dünyanın bir çox ölkələri ilə əlaqələrinin olması baxımından təcrübəyə malikdir... Ölkə müxtəlif qüvvələrin təsiri altında təşəkkül tapıb və onun həmişə çoxlu qonşuları olub. Bu müxtəliflik filmin əsas aspekti olacaq".

Hoyland ilə birlikdə Azərbaycanın tarixini araşdırmağa gələn Kembricdən olan alim Sara Vaydler ölkənin turizm üçün gözəl yer olduğu ilə tam razıdır.

Xanım Vaydler hesab edir ki, Böyük Britaniya sakinləri üçün Azərbaycan haqqında daha çox bilmək maraqlı olacaq: "Çünki Azərbaycanın zəngin mədəniyyəti var və ümumilikdə çox maraqlı ölkədir. Ölkə ərazisindən uzun əsrlər boyu bir çox səyahətçilər keçiblər".

Oksforddan olan alimlərin sözlərinə görə, bu sənədli filmin çəkilişlərinə hazırlıq üzərində iş gedir və filmin nə vaxt işıq üzü görəcəyi hələ məlum deyil.

Hoyland bildirib: "Mən qədim mənbələrdən Azərbaycan barədə olduqca çox məlumatlıyam. Mənim ideyam çoxlu səyahət etmək, yerli alim və arxeoloqlarla tanış olmaq, onlarla söhbət etmək olub. Məqsədim onların buradakı işlərinin nəticəsini görmək olub. Bizə öz ölkələri barədə daha çox bəhs edə biləcək yerli ekspertləri və sakinləri dinləməliyik. Şübhəsiz ki, bu, filmi Böyük Britaniya tamaşaçıları üçün xeyli maraqlı edəcək".

Oksfordlu qonaqlar Azərbaycana səfərləri çərçivəsində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva ilə görüşüblər. Görüş zamanı tərəflər Böyük Britaniya, Oksford Universiteti və Azərbaycan arasında əməkdaşlıq məsələlərini müzakirə ediblər. Xüsusilə, görüşdə mədəniyyət və tarix, birgə arxeoloji ekspedisiyaların təşkili, britaniyalı və azərbaycanlı tələbələr üçün Azərbaycan tarixinin öyrənilməsi sahəsində birgə iş aparmaq imkanları üzrə əməkdaşlıq barədə söhbət aparılıb. Professor Hoyland və doktor Veydler Moskva Dövlət Universitetinin Bakı filialında maraqlı ekskursiyaya və görüşə görə professor Nərgiz Paşayevaya təşəkkür ediblər.

Hoyland deyib: "Biz ümid edirik ki, bu, uzunmüddətli münasibətlərin başlanğıcıdır".

Hoyland və Vaydler, həmçinin müasir bina və qədim abidələrin bir-biri ilə ahəngdarlıq təşkil etdiyi Bakı ilə bağlı unudulmaz təəssüratları ilə bölüşüblər. Hoyland əlavə edib ki, İslamdan əvvəlki dövrdən başlayaraq müxtəlif əsrlərin ənənələrini özündə birləşdirən İçərişəhər çox maraqlı yerdir.

O, qeyd edib ki, eyni zamanda şəhər olduqca gənc və müasirdir: "Bura həyatdan zövq almaq üçün nəzərdə tutulmuş çox yaxşı məkandır".
Şərhlər
Sosial bölməsinin xəbərləri