"Qarabağ" Avropa Liqasında növbəti mərhələyə yüksəlmək şansını itirib
- 29.11.2019, 19:51,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Qarabağ" komandası UEFA Avropa Liqasında növbəti oyununu keçirib.
Ağdam təmsilçisi qrup mərhələsinin V turu çərçivəsində İspaniyada "Sevilya"nın qonağı olub. "Ramon Sançes Pisxuan" stadionunda baş tutan matçda meydan sahibləri qalib gəliblər - 2:0.
İspaniya təmsilçisi növbəti mərhələyə vəsiqəni hələ ötən tur təmin etdiyindən, baş məşqçi Xulen Lopetegi kapitan Xesus Navasla yanaşı, Ever Baneqa, Nolito, Fernando Rejes, Serxio Reqilon və Lük de Yonq kimi aparıcı futbolçuları qarşılaşmanın "18-liy"inə daxil etməyib. Komandalar görüşə bu "11-lik"lə çıxıblar:
"Sevilya": 13. Yassin Bunu, 3. Serxi Qomes, 6. Daniel Karriço (k), 7. Runu Lopes, 9. Munas Dabbur, 11. Munir. 14. Xavyer Ernandes (Çiçarito), 15. Alexandro Pozo, 17. Nemanya Qudel, 18. Serxio Eskudero, 21. Oliver Torres,
"Qarabağ": 1. Asmir Beqoviç, 2. Qara Qarayev, 3. Ailton Silva, 4. Rahil Məmmədov 5. Maksim Medvedev (k), 8. Miçel, 9. Xayme Romero, 17. Abdulla Zubir, 20. Riçard Almeyda, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov
Oyunun ilk 30 dəqiqəsində qapılar önündə real qol epizodu olmasa da, andalusiyalıların cüzi üstünlüyü olub. Hər iki komanda cinahlardan rəqib müdafiəsini yarmağa çalışıb. "Sevilya" ardıcıl 2 epizodda müdafiəçilərlə Beqoviç arasında anlaşmazlıqdan yararlanmaq istəsə də, buna nail ola bilməyib. Fasilə ərəfəsində Beqoviç Munirin cərimə zərbəsindən vurduğu topu çətinliklə dəf edib.
Komandalar ikinci hissəyə də eyni heyətlə çıxıblar. Başlanğıcda "Qarabağ"ın qapısı önündə 2 təhlükəli epizod olub. Munirin zərbəsini Beqoviç zərərsizləşdirdiyi halda, Dabburun vurduğu top yandan keçib.
Matçda ilk dəyişiklik 54-cü dəqiqəyə təsadüf edib.
"Sevilya"nın heyətində Lopes yerini Brayan Gilə verib və bu əvəzetmə özünü doğruldub. 61-ci dəqiqədə Romeronun səhvindən sonra topu ələ keçirən 18 yaşlı hücumçu hesabı açıb. Onun zərbəsindən sonra Məmmədova dəyərək istiqamətin dəyişən top qapı xəttini keçib.
Qoldan sonra Lopetegi daha 2 dəyişiklik edib. Baş məşqçi 61-ci dəqiqədə Çiçaritonu Franko Vaskeslə, 68-ci dəqiqədə Torresi Joze Mena ilə əvəzləyib. Qurbanov isə Hüseynovun yerinə Araz Abdullayevi, Romeronun əvəzinə isə Mahir Emrelini meydana buraxıb.
Dəyişikliklərdən sonra da "Qarabağ" meydanın mərkəzini keçməkdə çətinlik çəkib. Yalnız 10 dəqiqəlik bölümdə Azərbaycan təmsilçisi bir neçə hücum təşkil edə bilib. 75-ci dəqiqədə Məmmədov Dabburun fərqlənməsinə imkan verməyib. Ardınca rəqibin qapıçısı Miçel və Emrelinin fərqlənməsinə mane olub. Növbəti epizodda isə Beqoviç çıxışda Dabburu qabaqlayıb.
84-cü dəqiqədə "Qarabağ"ın heyətində ispaniyalı Dani Kintana həmyerlisi Miçelin yerinə oyuna qoşulub. Ardınca isə Beqoviç Munirin təhlükəli zərbəsini dəf edib.
Ağdam təmsilçisi səylərinə baxmayaraq, məğlubiyyətdən qaça bilməyib. Əvəzində Dabbur 90+2-ci dəqiqədə 2-ci qolu vurub və yekun nəticəni müəyyənləşdirib.
Paralel keçən matçda Kipr APOEL-i Lüksemburqda "Düdelanj"ı 2:0 hesabı ilə üstələyərək xalını 7-ə çatdırıb və növbəti mərhələyə vəsiqəni təmin edib. Hazırda 4 xalla 3-cü sırada olan "Qarabağ" son turda Bakıda Lüksemburq təmsilçisini məğlub etsə belə, şəxsi oyunlarda (2:2, 1:2) APOEL-dən geri qaldığı üçün növbəti raunda yüksələ bilməyəcək.
A qrupunun lideri "Sevilya" bu qələbdən sonra xalını 15-ə çatdırıb. "Düdelanj" isə 3 xalla son pillədədir.
"Qarabağ" Avropa Liqasında son matçını dekabrın 12-də Tofiq Bəhramov adına Respublika stadionunda "Düdelanj"a qarşı keçirəcək.
Qeyd edək ki, "Qarabağ" bunadək qitəmiqyaslı yarışlarda iştirakçısı olduğu 5 qrup mərhələsində də növbəti raunda adlaya bilməyib. Bunlardan 1-i Çempionlar Liqasına, qalanları Avropa Liqasına təsadüf edib.
Avropa Liqası
A qrupu, V tur
24:00. "Sevilya" (İspaniya) - "Qarabağ" (Azərbaycan) - 2:0
Qollar: Brayan Xil, 61. Munas Dabbur, 90+2
Baş hakim: Məhəmməd Əl-Hakim
Yan xətt hakimləri: Fredrik Kliver və Mahbod Beigi
Dördüncü hakim: Martin Strömberqsson (hamısı İsveç)
Sevilya, "Ramon Sançes Pisxuan" stadionu