Almaniya deportasiya etdiyi mafiya başçısından 130 min avro tələb edir
- 29.11.2019, 19:58,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Almaniya bu il iki dəfə deportasiya etdiyi livanlı mafiya başçısı İbrahim Miriyə görə Beyrut şəhər məhkəməsinə müraciət edib.
Iddiaçı qismində Almaniya Federal Daxili İşlər Nazirliyi ərizədə göstərib ki, Livan vətəndaşı olan 46 yaşlı İbrahim Mirinin 2019-cu ilin iyul və noyabr ayında Almaniyadan deportasiyası nazirliyə 130 min avroya başa gəlib.
İddia ərizəsində qeyd edilib ki, hər iki deportasiya prosesində federal nazirlik kirayə götürdüyü xüsusi “Jet” təyyarədən istifadə edib. Eyni zamanda, İ.Mirinin qanunsuz ölkəyə daxil olmasından saxlanılmasına qədər keçirilən polis əməliyyatlarına xeyli maddi vəsait sərf olunub.
Alman mətbuatına danışan İ.Mirinin qardaşı bildirib ki, 46 yaşlı mafiya başçısının adına dünyanın bir çox ölkəsində daşınmaz əmlaklar var. Onlardan ən böyüyü Livanın paytaxtı Beyrutda yerləşir. Malikanə Almaniyanın Bremen şəhərindəki “Veser” futbol stadionu boydadır.
Məlumat üçün bildirək ki, adı qadın, silah və narkotik alveri kimi cinayətlərdə hallanan İ.Miri 1986-cı ildə, 13 yaşı olarkən Almaniyaya gəlib. Ancaq Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəsi onun sığınacaq üçün müraciətini qəbul etməyib. Səbəb kimi isə, onun kimlik bilgilərinin düzgün olmadığı göstərilib.
Qeyd edək ki, 1998-ci ildə vaxtı keçmiş şəxsiyyət vəsiqəsi ilə saxlanılan İ.Mirinin deportasiya qərarı icra edilə bilməyib. 2014-cü ildə narkotik alverinə görə həbs edilən mafiya başçısı məhkəmənin qərarı ilə 6 il bəhs cəzasına məhkum edilib. 2019-cu ilin iyul ayına kimi Almaniyada həbsdə saxlanılan İ.Miri sonra Livan hökumətinin istəyi ilə ekstradisiya edilib. Bu ilin noyabr ayında Türkiyədə görünən İ.Mirinin yenidən Almaniyaya gəlməsinə səbəb isə, Bremen şəhər İdarə Məhkəməsinin qərarı olub. Ölkəyə giriş qadağası qaldırılan İ.Miriyə görə Almaniyaya Federal Daxili İşlər Nazirliyi sərhədlərdə yoxlamaları gücləndirib. Ötən həftə Bremendə saxlanılan İ.Miri şənbə günü, saat 3 radələrində xüsusi “Jet” təyyarə ilə yenidən Livana deportasiya edilməsi üçün polis əməkdaşlarının müşaiəti ilə hava limanına aparılıb.
Report