Azərbaycanın yeni Ombudsmanı seçilib

 
Səbinə Əliyeva: “Ombudsman seçilmək mənim üçün böyük şərəfdir”


“Bu vəzifəyə seçilmək mənim üçün böyük şərəfdir. Mənə etimad göstərib bu vəzifəyə namizədliyimi Milli Məclisə təqdim etdiyinə görə Prezident İlham Əliyevə öz dərin minnətdarlığımı bildirirəm”.

Bunu parlamentin bugünkü plenar iclasında 104 səslə Azərbaycanın İnsan Hüquqları üzrə yeni Müvəkkili (Ombudsman) seçilən Səbinə Əliyeva deyib.

S.Əliyeva ona səs verən bütün deputatlara təşəkkür edib: “Sizi əmin etmək istəyirəm ki, ulu öndər Heydər Əliyevin təməlini qoyduğu və ölkə başçısı İlham Əliyevin daha da təkmilləşdirdiyi insan hüquqlarının təmin edilməsi sisteminin fəaliyyətinə töhfə verilməsi, bununla da cəmiyyətdə gedən hərtərəfli inkişaf prosesinin dəstəklənməsi üçün bütün səylərimi əsirgəməyəcəm”.

Ombudsman bildirib ki, vətəndaşların, habelə əhalinin müxtəlif qruplarının, o cümlədən yetkinlik yaşına çatmayan, əlillərin və digər zəif qrupların hüquq və azadlıqlarının səmərəli qaydada təmin edilməsi insan hüquqları üzrə müvəkkilinin işinin prioritet istiqaməti olaraq qalmaqdadır: “Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində soydaşlarımızın kütləvi şəkildə pozulmuş hüquqlarının müdafiəsi, işğal nəticəsində ölkəmizin təbii, tarixi və mədəni sərvətlərinin dağıdılması faktlarının dünya ictimaiyyətinə çatdırılması, pozulmuş insan hüquq və azadlıqlarının bərpası bu işin mühüm tərkib hissələrindəndir”.

S.Əliyeva bu günə qədərki təcrübəyə əsaslanaraq işləri daha da təkmilləşdirməyə çalışacağını da vurğulayıb.



///


Azərbaycanın yeni Ombudsmanı seçilib

Azərbaycanın İnsan Hüquqları üzrə yeni Müvəkkilinin (Ombudsman) adı məlum olub.

LIVE.az "Report"a istinadla xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin müavini Səbinə Əliyeva yeni Ombudsman seçilib.

Onun namizədliyinin lehinə 104 deputat səs verib.

S.Əliyeva Ombudsman kimi deputatlar qarşısında and içib.

///

Milli Məclisin plenar iclasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) seçilməsi məsələsinin müzakirəsi başlayıb.

Namizədlər barədə Milli Məclisin sədr müavini, parlamentin İnsan hüquqları komitəsinin sədri Bahar Muradova məlumat verib.

B.Muradova deyib ki, namizədlər cəmiyyətdə tanınan və həyat yolu, tərcümeyi-halları zəngin olan insanlardır: “Namizədlər ictimai-siyasi həyatda tanınan simalardır. Onlar ölkənin bugünkü siyasətinə və Prezident İlham Əliyevin apardığı yeniləşmə, gəncləşmə siyasətinin ruhuna tam uyğundurlar. Kimin seçilməsindən asılı olmayaraq yeni Ombudsmana uğurlar arzulayırıq”.

Ombudsman vəzifəsinə üç nəfərin - Bakı Apellyasiya Məhkəməsinin sədr müavini Kəmalə Abıyeva, Ali Məhkəmənin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kəmalə Əliyeva və Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin müavini Səbinə Əliyevanın namizədliyi irəli sürülüb.

Hər üç namizəd parlamentin iclasında iştirak edir.
Şərhlər
Siyasət bölməsinin xəbərləri