Gürcüstan nömrəli avtomobillərlə bağlı vacib açıqlama
- 01.12.2019, 20:21,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu günlərdə bir neçə Gürcüstan vətəndaşı olan soydaşlarımız istifadə etdikləri xarici nömrəli avtomobillərin Azərbaycanda qalma müddətinə tətbiq ediləcək məhdudiyyətə etirazlarını bildirmək üçün Gömrük orqanlarına müraciət ediblər.
LIVE.Az avtosfer.az-a istinadən xəbər verir ki, DİN Baş DYP İdarəsinin şöbə rəisi Kamran Əliyev məhdudiyyət tətbiq edilməsi nəzərdə tutulan avtomobillərin yol təhlükəsizliyinə hər hansı təsirinin olub-olmaması ilə bağlı suallara cavab verib:
- Sizcə xarici dövlətlərdə daimi qeydiyyatında olan və ölkə ərazisinə tranzit şəkildə daxil olan nəqliyyat vasitələrinin sürücüləri hansı problemlərlə üzləşir, yaxud onların özləri nə kimi problemlər yaradırlar?
- Məlumdur ki, yol hərəkəti təhlükəsizliyinin təmin olunması sahəsində qaydalar beynəlxalq müqavilələrə uyğun olsa da hər bir ölkənin müxtəlif qanunvericilik aktları, müxtəlif məbləğlərdə cərimələri, eləcə də bəzi fərqli standart və tələbləri var. Bu baxımdan ölkəmizə gələn əcnəbilərin əksəriyyəti inzibati məsuliyyətin daha yüngül olmasından istifadə edib və xarici nömrəli avtomobil idarə etdikləri üçün xüsusi texniki vasitələrlə onlara nəzarətin mümkün olmadığını düşünərək tez-tez ciddi qayda pozuntularına yol verir, bununla həm təhlükəli vəziyyət yaradır, həm də yerli sürücülərimizin intizam səviyyəsinə də mənfi təsir göstərirlər. Məsələn, ən çox törədilən inzibati xətalardan hesab edilən sürət həddinin 40 km/saat həddində aşılmasına görə əgər qonşu Gürcüstanda 145 manat (76 avro) cərimə nəzərdə tutulursa, bizdə analoji xətaya görə 50 manat (26 avro), dayanma və ya durma qaydalarının pozulmasına görə Gürcüstanda 115 manat (61 avro) cərimə nəzərdə tutulursa, bizdə bu cərimənin məbləği 20 manatdır (10 avro). Əlbəttə bu o demək deyil ki, bizdə də əcnəbilərin ölkəmizdə yol hərəkəti qaydalarını tez-tez pozmalarının qarşısının alınması üçün cərimələrin miqdarı artırılmalıdır. Xeyr, sadəcə onlar da şəhərdəki nəqliyyat sıxlığını nəzərə almalı, harada gəldi avtomobili saxlamamalı və ən əsası da sürət rejiminə əməl etməlidirlər ki, ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olmasınlar. Məlumat üçün bildirim ki, təkcə cari ilin 10 ayı ərzində respublikamıza 66.820 nəqliyyat vasitəsi daxil olub ki, onların da cəmi 11 minini uzunmüddətli, qalanını isə qısa müddətli səfərlər təşkil edib və bu avtomobilləri idarə edən şəxslər tərəfindən bu müddət ərzində 200 mindək yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törədilib.
- Bəs əcnəbilər sahibkarlarda nə kimi narazılıq yaradırlar?
- Son vaxtlar sərnişin daşıma fəaliyyəti ilə məşğul olan sahibkarlar, həm fiziki, həm də hüquqi şəxslər tez-tez Baş DYP İdarəsinə müraciət edərək digər ölkə qeydiyyatında olan, xüsusilə də Gürcüstan nömrəli minik avtomobili ilə paytaxt ərazisində taksi, mikroavtobuslarla isə ölkənin müxtəlif istiqamətlərinə getməklə qeyri-qanuni sərnişin daşınması fəaliyyəti ilə məşğul olmalarının onların gəlirlərinin azalmasına səbəb olduğunu bildirirlər.
Belə ki, həmin sahibkarlar haqlı olaraq vergi ödəyiciləri olduqları, habelə qanunauyğun qaydada avtovağzallardan hərəkətə başladıqları halda, daha ucuz qiymətə alınan xarici avtomobillərlə ayrı-ayrı məhəllələrdən sərnişin yığmaqla qanunsuz fəaliyyət göstərmələrini qeyd edir və belə halların qarşısının alınmasını dövlətdən tələb edirlər.
- Bəs bu ucuz avtomobillərdən bizim vətəndaşlarımız da gətirə bilməzlərmi?
- Bildiyiniz kimi, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, eləcə də ekoloji çirklənmənin qarşısının alınması məqsədilə hələ 2014-cü ildən Avro-4 standartlarına cavab verməyən nəqliyyat vasitələrinin ölkəyə gətirilməsi və qeydiyyata alınması qadağan olunub. Bu səbəbdən artıq 5 ildən artıqdır ki, vətəndaşlarımız ölkəyə belə ucuz, təhlükəsizlik tələblərinə cavab verməyən avtomobilləri gətirib burada istifadə edə bilmirlər. Lakin bəzi əcnəbi soydaşlarımızın həmin avtomobilləri müvəqqəti gətirməklə daha ucuz qazanc yolu tapmaları qanuni şəkildə fəaliyyət göstərən sahibkarlarımızın ciddi narazılığına səbəb olur.
- Sizcə, belə qanunsuz fəaliyyətin qarşısını necə almaq olar?
- Sözsüz ki, yalnız qanuni şəkildə. Yəni biz ilk növbədə bütün inkişaf etmiş sivil dövlətlərdəki kimi öz vergi ödəyicisi olan vətəndaşlarımıza lazımi şərait yaratmalıyıq ki, onlar təhlükəsiz, maneəsiz fəaliyyət göstərə bilsinlər və elə qaydalar müəyyənləşməlidir ki, əcnəbi işbazlar dolanışığını bəhanə edib bundan sui-istifadə edə bilməsinlər. Çünki biz razı ola bilmərik ki, bir xarici vətəndaşın ailəsinin dolanışığı üçün yüzlərlə vətəndaşımızın həyatı təhlükəyə atılsın. Düşünürəm ki, Gömrük orqanlarının ölkəyə müvəqqəti daxil olan nəqliyyat vasitələrinə tətbiq etmək istədiyi məhdudiyyət əcnəbilərin hüquqlarının pozulması deyil, öz ölkə vətəndaşlarımızın sərbəst fəaliyyət hüququnun və ən başlıcası da respublikamızın avtomobil yollarında təhlükəsizliyin təmin olunması məqsədilə vaxtında atılan addımdır.