Azərbaycan gündəlik neft hasilatını daha 7 min barel azaldacaq



Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin nazirlərinin VI görüşündə 2020-ci ilin I rübündə gündəlik neft hasilatının daha 500 min barel azaldılması ilə bağlı qərar qəbul olunub.

Energetika Nazirliyindən "Report"a verilən məlumata görə, bununla da OPEC+ üzrə gündəlik neft hasilatının azaldılması ilə bağlı öhdəlik 1,7 milyon barelə çatdırılıb. Hasilatın azaldılması ilə bağlı əlavə həcmlərin bölünməsi OPEC+ ölkələri arasında proporsional qaydada aparılıb.

Dünya neft bazarının tənzimlənməsi prosesinə dəstək məqsədilə Azərbaycan da hasilatın əlavə həcmlərdə azaldılması ilə bağlı yeni razılaşmaya qoşulub. Azərbaycan müvafiq olaraq gündəlik neft hasilatını 20 min bareldən əlavə 7 min barel də azaldacaq. Beləliklə, öhdəliyi 27 min barelə yüksələn Azərbaycan 2020-ci ilin yanvar ayından etibarən gündəlik hasilatı 769 min barel həcmində saxlamalıdır.


Energetika naziri Pərviz Şahbazov iclasda çıxışı zamanı bildirib ki, OPEC+ qərararı indiyə kimi bazarın balanslaşdırılmasına öz töhfəsini verib: "Qlobal iqtisadiyyat, neft bazarının inkişafına dair proqnozlar, eləcə də bir sıra geosiyasi faktorlarlar da göstərir ki, 2020-ci il üçün də tənzimləmə tədbirləri zərurudir. Bazarda balansın və dayanıqlı sabitliyin təmin edilməsi əməkdaşlığımızın başlıca hədəfidir. Azərbaycan OPEC+ formatı çərçivəsində indiyə kimi bütün təşəbbüsləri dəstəkləmiş ölkə olaraq bu əməkdaşlıqda iştirakda maraqlıdır. Hesab edirik ki, OPEC+ ölkələri olaraq biz gələn il də həmrəylik və öhdəliklərimizə sadiqliyimizi davam etdirməliyik”.

Nazir həmçinin Azərbaycanın indiyə kimi gündəlik neft hasilatını 20 min barel azaltmaqla bağlı öhdəliyini artıqlaması ilə yerinə yetirdiyini qeyd edib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri