Təhsil naziri Şəkidə məktəb açılışında iştirak edib




Şəki şəhəri 11 nömrəli tam orta məktəbin yeni inşa olunan binasının açılış mərasimi keçirilib.

LİVE.az-ın xıbırinə görə, bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Açılış mərasimində Təhsil naziri Ceyhun Bayramov, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Şəki Şəhər Təhsil Şöbəsinin müdiri Südabər İsmayılova iştirak edib.

Öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.


Daha sonra məktəbin açılışını bildirən rəmzi qırmızı lent kəsilib, nazir və digər iştirakçılar yeni məktəbdə yaradılmış şəraitlə yaxından tanış olublar. Bildirilib ki, respublikanın qocaman məktəblərindən biri olan 94 yaşlı Şəki şəhəri 11 nömrəli tam orta məktəb 1925-ci ildə istifadəyə verilib. 1955-ci ildən bu günə kimi ümumtəhsil məktəbi kimi fəaliyyət göstərir. Təhsil müəssisəsi 960 şagird yerlikdir. Dördmərtəbəli və beş korpusdan ibarət yeni məktəbdə 38 sinif otağı ilə yanaşı məktəbəhazırlıq qrupu otağı, hər cür avadanlıqlarla təchiz olunmuş fizika, kimya, biologiya, texnologiya, informatika, hərbi hazırlıq, linqafon kabinetləri, tibb otağı, kitabxana, akt zalı, idman zalı və 80 yerlik yeməkxana vardır.

Məktəb binasında videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri, internet və telefon xətləri çəkilib. Binanın istiliklə təmin olunması üçün müasir tələblərə cavab verən qazanxana və nasosxana quraşdırılıb. Hazırda məktəbdə 930 şagird təhsil alır. Məktəbdə təşkil edilən 4 məktəbəhazırlıq qrupunda isə 85 nəfər oxuyur. Şagirdlərin təlim-tərbiyəsi ilə 121 müəllim məşğul olur. 2018-2019-cu tədris ilində məktəbi bitirən 49 məzundan 38-i ali təhsil müəssisələrinə qəbul olunub,11 nəfəri isə orta ixtisas təhsili müəssisələrində təhsilini davam etdirir.
Şərhlər
Sosial bölməsinin xəbərləri