Yevlax Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov saxlanılıb - RƏSMİ
Yevlax Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov saxlanılıb.
Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumatda bildirilir ki, 2019-cu ilin noyabr ayınadək Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş Qoca Səmədovun bu müddət ərzində vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran çoxsaylı qanun pozuntularına yol verməsinə əsaslı şübhələr müəyyən edilib.
Belə ki, dövlət qayğısı olaraq işsiz vətəndaşların ictimai işlərə cəlb edilib aylıq qazanc əldə edə bilmələri üçün dövlət büdcəsi hesabına ayrılan külli miqdarda əmək haqları ələ keçirilib, o cümlədən Yevlax şəhərində “Yaşıllaşdırma və işıqlandırma müəssisəsi”nin fəaliyyətinə və digər abadlıq, təmir-tikinti işlərinə cəlb edildiyi rəsmiləşdirilən 133 nəfər heç bir işə cəlb edilmədən və əmək haqqı almadan, adlarına açılmış əmək haqqı kartları Qoca Səmədovun tabeçiliyində fəaliyyət göstərən şəxslər tərəfindən ətraf rayonlardakı bankomatlarda nağdlaşdırılaraq, Qoca Səmədova şəxsən təqdim edilməklə 236.000 manat dövlət vəsaiti mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.
Habelə, 2017-2019-cu illərdə dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına Yevlax şəhərində abadlıq, təmir-tikinti işlərini həyata keçirmək adı ilə müxtəlif şirkətlərin hesablarına köçürülmüş 616.000 manat vəsait heç bir iş görülmədən Qoca Səmədovun tapşırığı ilə şirkət rəhbərləri tərəfindən nağdlaşdırılaraq ona şəxsən qaytarılmaqla təkrarən mənimsənilib. Şəhər icra hakimiyyəti və əlaqəli strukturlarda çalışan işçilərin əmək haqqından təsis etdiyi Şəhid ailələrinə və müharibə əlillərinə yardım Fonduna könüllü ödəmə adı altında hər ay faiz tutulub, yığılan pulun hər ay 8.000 manatadək olan əsas hissəsi Qoca Səmədova şəxsən təqdim edilib. Qoca Səmədov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin baş memarı Xalid Əhmədovun vasitəçiliyi ilə vətəndaşlar tərəfindən müxtəlif təyinatlı tikintilərin aparılması üçün zəruri olan sənədləşmə işləri və digər əsaslarla ümumilikdə 44 fiziki və hüquqi şəxsdən müxtəlif məbləğlərdə külli miqdarda təkrarən rüşvət tələb edərək almasına əsaslı şübhələr müəyyən edilib.
Qoca Səmədov və başqaları vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanılıblar. Hazırda araşdırmalar davam edir.
APA
///
DTX Ağstafa RİH başçısı Nizaməddin Quliyev və müavini Ramiz Tatarovun saxlanılması barədə məlumat yayıb
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin saxlanılması ilə bağlı rəsmi məlumat yayılıb.
Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumatda bildirilir ki, Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri tərəfindən vətəndaşların hüquqlarına, dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, dövlət orqanlarının fəaliyyətinə kölgə salan qanunsuz əməllərə yol verilməsinə dair məlumatlar əsasında kompleks araşdırma tədbirləri həyata keçirilib.
Toplanılan materiallara əsasən, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin müntəzəm olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə dair əsaslı şübhələr yaranıb. Belə ki, Nizaməddin Quliyevin rayon icra hakimiyyəti başçısının müavini Ramiz Tatarovun vasitəsilə 2019-cu ilin may ayından etibarən yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib.
Nizaməddin Quliyevin, müavini Ramiz Tatarov vasitəsilə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən müxtəlif əsaslarla rüşvət tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib. Bununla yanaşı, Nizaməddin Quliyevin səhiyyə, təhsil və digər yerli dövlət təsisatları rəhbərlərindən büdcə vəsaitləri hesabına yerli dövlət orqanlarının saxlanılması xərclərinə ayrılan vəsaitlərin müəyyən hissəsinin nağdlaşdırılaraq ona təqdim olunmasını tələb etməsi və alması, ictimai işlərə cəlb olunan aztəminatlı şəxslərə ayrılan əmək haqqı kartlarını ələ keçirib mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
Nizaməddin Quliyev və müavini Ramiz Tatarovun xidməti otaqlarında keçirilən baxış zamanı müxtəlif vəzifəli şəxslərdən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, pul vəsaitləri, sənədlər, iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər götürülüb.
Nizaməddin Quliyev və başqaları vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanılıblar. Hazırda araşdırmalar davam edir.
APA
///
18:02
Azərbaycanda Rayon İcra Hakimiyyətinin (RİH) başçısı tutulub.
APA TV-nin məlumatına görə, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində Ağstafa RİH başçısı Nizaməddin Quliyev və müavini Ramiz Tatarov saxlanılıb.
Onların ötən gecə saxlanılaraq Bakıya gətirildiyi, evlərində axtarış aparıldığı bildirilir. RİH-nin digər işçilərinin ifadələrinin alındığı barədə də məlumatlar var.
N. Quliyevin və müavinin külli miqdarda rüşvətə görə saxlanıldığı bildirilsə də, hələlik dəqiq məlumat verilmir.
Əməliyyat barədə rəsmi orqanlar heç bir açıqlama yaymayıb.
Qeyd edək ki, “Bakupost” saytı Azərbaycanda hüquq-mühafizə orqanları əməkdaşlarının rayon İcra Hakimiyyəti başçılarından birini iş başında həbs etdiyi barədə məlumat yayıb.
Məlumatda bildirilir ki, icra başçısı ilə yanaşı, onun müavini də saxlanılıb.