Bakıda Azərbaycan və Aİ arasında təhlükəsizlik üzrə ikinci dialoq keçirilib
- 21.12.2019, 11:53,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Dekabrın 19-da Bakıda Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında təhlükəsizlik üzrə dialoqun ikinci mərhələsi keçirilib.
"Report" Aİ-nin Azərbaycandakı nümayəndəliyinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, iştirakçılar qarşılıqlı maraq kəsb edən aktual siyasi və təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi aparıblar.
O cümlədən münaqişələrin həlli və böhranların nizamlanması, regional və beynəlxalq təhlükəsizlik üçün təhdidlər və problemlər, habelə praktik əməkdaşlıq imkanları müzakirə edilib.
Nümayəndə heyətləri BMT Nizamnaməsində və Helsinki Yekun Aktında təsbit olunmuş beynəlxalq hüquq norma və prinsiplərinə sadiq olduqlarını bir daha təsdiq ediblər və bu prinsiplərə ciddi əməl olunmasının vacibliyini vurğulayıblar.
Aİ nümayəndə heyəti daha əvvəl qurumun yüksək səviyyəli rəsmilərinin, o cümlədən Avropa Şurasının prezidenti Donald Tusk və İttifaqın xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Mogerininin Aİ-nin Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəkləməsi ilə bağlı söylədikləri mövqeyi bir daha təsdiqləyib.
Bu yaxınlarda açılışı olan Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) və tikintisi sona çatmaqda olan Trans-Adriatik Boru Kəməri (TAP) fonunda Cənub Qaz Dəhlizinin Avropa bazarlarına enerji tədarükünün şaxələndirilməsindəki əhəmiyyəti bir daha təsdiqlənib. Aİ nümayəndə heyəti Azərbaycan Respublikasının Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni yüksək qiymətləndirib.
Tərəflər Aİ ilə Azərbaycan arasında yeni saziş layihəsi üzrə danışıqların başa çatdırılmasının vacibliyini vurğulayıblar.
Nümayəndə heyətləri təhlükəsizlik məsələləri üzrə dialoqunun davam etdirilməsi və təhlükəsizlik üzrə dialoqunun növbəti raundunun 2020-ci ilin ikinci yarısında Brüsseldə keçirilməsi barədə razılığa gəliblər.