Dekabrın 20-də Xalq Bankın əsas binasındakı bədii qalereyada “Xalq Əmanəti” layihəsi çərçivəsində nəşr olunan “Tağı Tağıyev. Rəngkarlıq və qrafika” bədii albomunun təqdimatı və rəssamın əsərlərindən ibarət sərginin açılışı keçirilib.
LİVE.az xəbər verir ki, layihənin sayca 19-cu nəşrinə rəssamın yaradıcılığının müxtəlif mərhələlərini ehtiva edən əsərləri daxil edilib. Tədbirdə ölkəmizin sənət və elm adamları, bank sektorunun nümayəndələri, ictimai xadimlər, rəssamın ailə üzvləri iştirak ediblər.
Gecənin aparıcısı, əməkdar artist Dilarə Səlim Xalq Bankın illərdir həyata keçirdiyi nəcib missiyasından söz açıb.
Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Ömər Eldarov çıxışında albom üzərində çalışan insanlara minnətdarlığını bildirib və gördüklərindən böyük zövq aldığını dilə gətirib. Onun sözlərinə görə Tağı Tağıyev dahi rəssam və böyük müəllimdir.
“Onun əsərləri mənə illər əvvəl böyük təsir göstərirdi, indi də həmin hissləri yenidən yaşayıram. Sənət zamanla sınanır, zaman isə Tağı Tağıyevin xeyirinə işləyir. Mən bu günkü tədbirlə bağlı hamını təbrik edirəm” – deyə Eldarov bildirib.
Albomun mətninin müəllifi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova Tağı Tağıyevi milli rəngkarlığımızda böyük iz qoymuş sənətkar, yaradıcılığı böyük məktəb olan ustad adlandırıb.
Tağı Tağıyev oğlu, rəssam Əkrəm Tağıyev ailəsi adından banka və layihənin yaradıcı kollektivinə minnətdarlığını bildirib. “Xalq Əmanəti” layihəsini Azərbaycan mədəniyyətinin dünyaya tanıdılmasında möhtəşəm iş adlandırıb və atasının bədii albomunun nəşrinə görə sonsuz sevincini bölüşüb.
Tağı Əzizağa oğlu Tağıyev 1917-ci il, noyabrın 7-də Bakı şəhərində zərgər ailəsində anadan olub. O, Azərbaycan Dövlət Rəssamlıq Texnikumunu bitirdikdən sonra 1940-1941-ci illərdə Moskva Rəssamlıq İnstitutunda təhsilini davam etdirib.
Tağı Tağıyev əsasən tematik tablolar, natürmort, portret, mənzərə və məişət səhnələrinin müəllifidir. Azərbaycanda realist boyakarlığın yaradıcılarından olan Tağıyev portret ustası kimi daha məşhurdur. Sənətkarın “Koroğlu”, “Poladəridən”, “Qaynaqçı”, “Göygöl”, “Qarlı yollar”, “Xalçasatan”, “Uşaqlıq xatirələri”, “Abşeron silsiləsi”, “El gözəli”, “Qarayanız qız” və bir çox rəsm əsərləri Praqa, Pekin, Dakar, Bağdad və s. ölkələrdə nümayiş etdirilmiş və böyük rəğbətlə qarşılanıb. Fırça ustasının yaratdığı “Qara Qarayev” və “Səttar Bəhlulzadə” tabloları dünyanın bütün sərgi salonlarında uğurla nümayiş olunub.
Əməkdar incəsənət xadimi, respublikanın Xalq rəssamı fəxri adlarına layiq görülüb.
Tağı Tağıyevin əsərləri Şərq Xalqları İncəsənəti Muzeyi (Moskva), Azərbaycan Dövlət İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və digər muzeylərdə saxlanılır.
“Xalq Əmanəti” layihəsi ASC “Xalq” Bankı tərəfindən 2010-cu ildən etibarən həyata keçirilir. Layihə xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərimizin dünyaya tanıdılması məqsədini daşıyır. Layihə çərçivəsində nəşr olunan kitablar üç dildə - azərbaycan, ingilis, rus dillərində çap olunur. Nəşrlər ölkənin ali və orta təhsil müəssisələrinə, uşaq evləri və kitabxanalara, müxtəlif fondlara, dövlət müəssisələrinə, xarici ölkələrin Azərbaycanda və Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, dünyanın böyük muzeylərinə, kitabxanalarına, eləcə də sənətsevərlərə hədiyyə olunur.
Rəssamın əsərlərinin ekspozisiyası dekabr ayının 21-dən başlayaraq Xalq Bankın Əsas binasında (Ünvan: Bakı şəh., İnşaatçılar prospekti, 22L) fəaliyyət göstərəcək. Sərgini iş günləri saat 18:00-dan 21:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 16:00-dək seyr etmək mümkündür. Giriş sərbəstdir.