Cəlilabadda piyada sürücünü bıçaqladı

Cəlilabadda sürücü ilə piyadanın mübahisəsi sonda birinin bıçaqlanması, digərinin isə aradan çıxması ilə nəticələnib. Hazırda bıçaqlayan şəxsin polis əməkdaşları tərəfindən tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Trend Cənub TV-yə istinadən məlumat verir ki, bıçaqlanma hadisəsi Cəlilabad şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, axşam saatlarında öz maşını ilə işdən evə qayıdan rayonun Hacıismayıllı kənd sakini, 30 yaşlı Babək Bayramzadə telefonla avtomobil yolunun ortasında danışa-danışa gedən piyadanın yolun kənarına çəkilməsi üçün bir neçə dəfə siqnal verib. Lakin buna əhəmiyyət verməyən piyada - Cəlilabad rayon sakini İlkin Mühidzadə ona nalayiq söyüşlər söyüb. Elə hər şey də bundan sonra başlayıb.

Bayramzadənin bədəninin müxtəlif yerlərinə 5 bıçaq zərbəsi vuran Mühidzadə hadisə yerindən qaçaraq gizlənib. Yaralı Bayramzadə isə yaxınlıqdakı insanların köməyi ilə Cəlilabad Rayon Diaqnostika Mərkəzinə çatdırılıb. Həkimlər Bayramzadənin üzərində dərhal əməliyyat apararaq onun həyatını xilas edə biliblər.
Xəstəxanadan verilən məlumata görə, hazırda yaralının vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır. Eyni zamanda, polis əməkdaşları tərəfindən cinayətkarın tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri