Xəzərdə suyun səviyyəsi niyə azalır? - MÜSAHİBƏ


Xəzər dənizində suyun səviyyəsinin aşağı enməsi və səbəbləri ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttar-zadə bir neçə sualı cavablandırıb.

LİVE.az report-un  şöbə müdiri ilə müsahibəni təqdim edir:

- Xəzərdə suyun səviyyəsinin azalmasına səbəb nədir?

- Xəzər dənizi qapalı su hövzəsi olduğundan onun səviyyəsində periodik dəyişmələr labüddür. Xəzər dənizinin səviyyəsinin dəyişməsində başlıca amil onun hövzəsinin iqlimi hesab olunur və səviyyə tərəddüdləri əsasən onun su balansı elementlərindən, yəni onu qidalandıran çaylardan və düşən yağıntının miqdarından, həmçinin buxarlanmadan asılıdır. Dəniz dibində baş verən tektonik hərəkətlər də səviyyənin dəyişməsinə təsir göstərən amillərdəndir. Bu gün Xəzərin əsas qida mənbəyi olan Volqa çayının axımında da azalma müşahidə edilir. Ötən ilin birinci yarısı çayın mənsəbində illik axım 114 km3 təşkil edib ki, bu da orta çoxillik normadan (146 km3) əhəmiyyətli dərəcədə azdır.

- Son illərdə Xəzərin səviyyə dinamikası necə dəyişib?

- Xəzərin XX əsrdə ən aşağı səviyyəsi 1977-ci ildə qeydə alınıb. Sonradan qısa dövrdə, yəni 1977-1995-ci illər ərzində 2,5 metr artıb və sonrakı illərdə yenidən azalma müşahidə olunmağa başlayıb. 2006-cı ildən etibarən Xəzərin səviyyəsində enmə müşahidə olunur, 2019-cu ildə dənizin orta illik səviyyəsi Baltik sistemi ilə mənfi 27,89 metr qeydə alınıb ki, bu da 1977-ci ildəki səviyyədən 1,1 metr yüksəkdir.

- Xəzərdə suyun səviyyəsinin artacağı proqnozlaşdırılır?

- Dəniz səviyyəsinin dinamikası barədə müddətli proqnoz vermək mümkün deyil. Çünki bugünədək hazırlanmış uzunmüddətli səviyyə proqnozlarının heç biri özünü doğrultmayıb. Onu deyim ki, Xəzər dənizinin hidrometeorologiyası üzrə Koordinasiya Komitəsi tərəfindən beş Xəzəryanı ölkənin birgə məlumatları əsasında dəniz səviyyəsinin dəyişməsi barədə yarımillik ssenarilər hazırlanır. Ən son ssenariyə əsasən Xəzərin səviyyəsi 2020-ci ilin ilk kvartalında əvvəlki illə müqayisədə nisbətən aşağı olacaq.

- Dənizdə suyun səviyyəsinin aşağı düşməsi təhlükəlidirmi?

- Hazırda Xəzər dənizinin səviyyəsi ətraf mühit, insan sağlamlığı və təsərrüfat sahələri üçün təhlükəli hesab olunmur. Lakin azalma bu qayda ilə uzun müddət davam edərsə, bəzi təsərrüfat sahələrinə, xüsusilə dənizdə neft-qaz əməliyyatlarına, dəniz nəqliyyatına, limanların fəaliyyətinə təsir edə bilər. Dəniz səviyyəsi üzərində Milli Hidrometeorologiya Departamentinin hidrometeoroloji müşahidə məntəqələrində müntəzəm müşahidələr aparılır və fəaliyyətləri dənizlə bağlı olan qurumlara dənizin səviyyəsi barədə məlumatlar verilir ki, işlərində və planlaşdırılan layihələrdə nəzərə alsınlar.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri