İlham Əliyev: “Kifayət qədər parkinq yerləri olmalıdır”

“Parkinq imkanları olmalıdır ki, sonra biz vətəndaşlardan bu qaydalara riayət etmələrini tələb edək. Ona görə, bəzi hallarda sürücülər bu qaydaları kobudcasına pozurlar. Parkinq olan yerdə maşınları münasib olmayan yerlərdə saxlayıb, həm piyadalara maneə törədirlər, həm də nəqliyyata problem yaradırlar. Ancaq kifayət qədər böyük imkanlar, yəni, parkinq yerləri olmalıdır ki, biz sürücülərə bu tələbləri irəli sürək. Burada da heç bir qanun pozuntusu olmamalıdır. Qanun qarşısında hamı bərabərdir. Hamı bilməlidir ki, şəhər nəqliyyatı həm insanların rahatlığıdır, həm bizim sağlamlığımızdır, həm də havanın təmiz olmasıdır. Yenə də deyirəm, havanı ən çox çirkləndirən nəqliyyat vasitələridir, xüsusilə, tıxac olan yerdə. Tıxacın olmaması isə sizin əsas vəzifənizdir. Siz bundan sonra da aidiyyəti dövlət qurumları ilə bu istiqamətdə fəal olmalısınız”.

Bunu Prezident İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimlini qəbul edən zaman deyib.

“Əminəm ki, ilin sonunda biz şəhər nəqliyyatını daha da inkişaf etmiş halda görəcəyik. Çünki bir daha demək istəyirəm, bu, insanların sağlamlığı, təhlükəsizliyi, rahatlığı üçündür. Onu da bildirməliyəm ki, dövlət xətti ilə böyük məbləğə alınan avtobuslar, əlbəttə, kommersiya baxımından bəlkə də 10 il, 20 ildən sonra özünü doğruldacaq. Biz bunu ona görə edirik ki, insanlar şəhər nəqliyyatından, avtobuslardan təhlükəsizlik şəraitində və rahat şəkildə istifadə etsinlər”, - dövlət başçısı əlavə edib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri