Bakı yol polisindən sürücülərə xəbərdarlıq
- 27.07.2013, 12:43,
- Cəmiyyət / Əsas
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakı yol polisi paytaxtın Füzuli və Mirzəağa Əliyev küçələrinin arasında (Heydər Əliyev Sarayının arxası) inşa olunmuş yeraltı avtomobil dayanacağının tam istifadəyə verilməsindən sonra həmin ərazidə dayanma və durma qaydalarını pozan sürücülərə xəbərdarlıq edib.
Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov şənbə günü Trend-ə bildirib ki, yeraltı avtomobil dayanacağının yerləşdiyi ərazidəki küçə və yollarda dayanma, durmanı, parklanmanı qadağan edən yerlərdə dayanan avtomobillərin sürücüləri cərimələnəcək.
V. Əsədov bildirib ki, artıq bununla bağlı Bakı yol polisi kütləvi reydlərə başlayıb. Onun sözlərinə görə, həmin ərazidə avtomobillərin yolun kənarında dayanması nəticədə tıxac yaradır.
Qeyd edək ki, iyulun 25-dən paytaxtın Füzuli və Mirzəağa Əliyev küçələrinin arasında inşa olunmuş yeraltı avtomobil dayanacağı tam istifadəyə verilib.
Yeraltı dayanacaq 4500 avtomobil tutumuna, bundan əlavə 37 avtomobil tutumu olan xüsusi bölməyə malikdir. Burada, həmçinin avtoyuma məntəqələri də fəaliyyət göstərir. Dayanacaq üçmərtəbəlidir və ümumi sahəsi 21 hektardır. Mərtəbələrdən ikisi avtomobil dayanacağı, biri isə texniki mərtəbədir. Texniki mərtəbədə digər qurğularla yanaşı, 1200 kubmetr tutumu olan 8 su hovuzu da yerləşir. Yeraltı dayanacaq müasir avadanlıq və sistemlərlə təchiz edilmişdir. Burada ən müasir havalandırma, yanğından mühafizə və təhlükəsizlik sistemləri quraşdırılmışdır. Təhlükəsizliyin və nəzarətin tam təmin edilməsi məqsədilə dayanacaqda 270-ə yaxın kamera qoyulmuşdur. Bundan əlavə, çıxışlar 700 dərəcəyə dözən şüşəbəndlərlə bağlanmışdır. Burada 5 giriş-çıxış mövcuddur. Şəmsi Bədəlbəyli küçəsi yeraltı dayanacağın üzərindən keçdiyindən bu hissə körpü prinsipi ilə inşa edilmişdir.
Məlumat verildi ki, yeraltı avtodayanacaqda 14 lift quraşdırılmışdır. Parkın ətrafında 7 yeraltı keçid inşa edilmiş və 24 eskalatorla təchiz olunmuşdur. Əlillər üçün 8 lift-eskalator fəaliyyət göstərir. Beləliklə, 7 hektar sahəsi olan bu kompleks indi paytaxt sakinlərinin və qonaqların ən sevimli istirahət məkanlarından birinə çevrilmişdir.
Qeyri-rəsmi məlumata görə, dayanacaqda 1 saatın qiyməti 50 qəpik, 8-12 saatın qiyməti isə 2 manatdır.