Dövlət Turizm Agentliyi: Qlobal böhranın təsiri Azərbaycanda mart-aprel aylarında hiss ediləcək

Bu ilin yanvar-fevral aylarında Azərbaycana gələn əcnəbi və vətəndaşlığı olmayan insanların sayı artıb. Koronavirusla əlaqədar qlobal böhranın təsiri Azərbaycan turizmində mart-aprel aylarında hiss ediləcək.

Bunu Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə deyib.

Onun sözlərinə görə, fevralda Azərbaycana gələn turistlərin sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 17 faizə yaxın artım müşahidə olunur.

Agentliyin Aparat rəhbəri Kənan Qasımov isə bildirib ki, böhranla əlaqədar dünya turizmində 30-40 faizə qədər azalma müşahidə olunur:

"Lakin məlumatlar gündəlik olaraq dəyişir. İndi panika üçün səbəb yoxdur. Azərbaycanda prosesin idarəedilməsi kifayət qədər yüksək aparılır və hesab edirəm ki, böhranı keçirə bilərik. Daxili turizm üzrə layihələrdə dəyişiklik yoxdur və bütün layihələr öz axarı ilə davam edir".

K.Qasımov əlavə edib ki, artıq mart ayı üzrə xarici turistlərin sayında ciddi şəkildə azalma var. Bunu gözlənilən hal sayan Aparat rəhbəri deyib ki, ölkə xaricinə çıxa bilməyən insanlar ölkə daxilinə səfər edə bilərlər.

Aparat rəhbəri hesab edir ki, prosesi stimullaşdırmaq üçün yerli turistlər üçün müəyyən güzəştlər də edilə bilər:

"Biz bütün mehmanxanalarla, turizm iaşə obyektləri ilə mütəmadi olaraq, görüşlər keçiririk. Əminliklə deyə bilərəm ki, onlar turistləri qəbul etmək üçün hazırdırlar. Hər hansı risk müəyyən edilməyib. Əgər risk olarsa, ictimaiyyətə məlumat veriləcək".




Trend
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri